Siyasət

  • 786

Konstitusiyamızda dövlət dili kimi təsbit olunan milli varlığımız TƏHLİL

image

"Dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir"
Ümummilli Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev deyirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm". Bu dil xalqımızın varlığını sübut edən dildir. Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, onu tanıdan ana dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amilldir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.Ötən əsrin 70-ci illərində dövlət dilinin qorunması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyev bütün ziyalıları, vətəndşlarımızı səfərbər edərək, ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdir. 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi.

"AZƏRBAYCAN SOVET SOSİALİST RESPUBLİKASININ DÖVLƏT DİLİ AZƏRBAYCAN DİLİDİR"

Məlum olduğu kimi, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar "vahid dil" siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu idi. Respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Belə bir zamanda Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi.1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas Qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir."
1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olundu və Azərbaycan dili dövlət dili statusu aldı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuş oldu.Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

XALQIN İRADƏSİ NƏZƏRƏ ALINMADAN QƏBUL OLUNAN QƏRAR

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranmış xaos vəziyyət, özbaşınalıq hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-Müsavat hakimiyyəti dövründə bu özünü daha qabarıq şəkildə büruzə verirdi. Onlar heç bir məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və "türk dili" adlandırılmasını təklif edirdilər. Məlumdur ki, həmin illərdə referendum keçirmədən 1992-ci ilin dekabrında "Dövlət dili haqqında" Qanunu "müzakirə" edərək Azərbaycanda dövlət dilinin "Türk dili" olması barədə qərar qəbul etmişdir. Dövlət idarəçiliyində zəngin təcrübəsi olan Ulu Öndər Heydər Əliyev həmin məsələyə münasibət bildirərkən Milli Məclisin qəbul etdiyi qərarı pisləyərək bildirmişdir: "Bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır".

LATIN QRAFİKALI AZƏRBAYCAN ƏLİFBASI BƏRPA OLUNDU

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. "Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik", - deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.
"Dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir", - deyə Ulu Öndər bildirmişdir.

DİL SİYASƏTİ - AZƏRBAYCAN DİLİNİN İNKİŞAFINA VERİLƏN TÖHFƏLƏR

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir. Ulu Öndər gənclərə tövsiyə edərək deyirdi: "Dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. …Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan."
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının göstəricisidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər