Siyasət

  • 800

Ölkəmizə olan böyük etimad ŞƏRH

image

Məlumdur ki, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. 1995-ci ildən başlayaraq hər il dünya liderləri Yer kürəsinin bir nömrəli problemi olan iqlim dəyişmələrinin qarşısını almaq üçün məhz bu platformada bir araya gəlir, fəsadların aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Təsadüfi deyil ki, qlobal istiləşməyə səbəb olan istixana qazlarının atmosferə atılmasını məhdudlaşdıran məşhur Kioto protokolu, iqlim dəyişmələri ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris sazişi bu günə qədər keçirilən COP sammitlərinin nəticəsidir. Azərbaycan da hər iki sənədə qoşulan ölkələr sırasındadır.Yeri gəlmişkən, qeyd edək ki, COP-un ilk toplantısı 1995-ci ildə Berlində, 28-ci toplantısı isə 2023-cü ildə Dubayda keçirilib. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbirlərdən biri olub. Konfrans çərçivəsində təşkil edilmiş zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Xüsusi vurğulamaq lazımdır ki, mötəbər tədbirdə Prezident İlham Əliyev də iştirak edib. Həm də Azərbaycan ilk dəfə olaraq COP28-də pavilyonla təmsil olunub.

Məlum olduğu kimi, 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa Regional Qrupuna düşür. Qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. Ötən il dekabrın yeddisində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstanın da öz namizədliyini geri çəkməsindən sonra Şərqi Avropa Regional qrupu Azərbaycanı 2024-cü ildə COP-un ev sahibi kimi təyin edib. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial, iqtisadi inkişaf və dayanıqlı ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada güclü dövlət kimi tanıdıb. Azərbaycan son illər ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrlərə uğurlu miras qoyub. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Respublikamız yüksək inkişaf göstəricilərinə sahibdir və belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olmağımız, təhlükəsizlik baxımından "sabitlik adası" statusumuz dünya ictimaiyyətinə məlumdur. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, ölkəmizin 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibi seçilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Digər tərəfdən, COP29-un Bakıda keçirilməsi ölkəmizin böyük nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Mütəxəssislər və iştirakçıların məsələ ilə bağlı düşüncəsi və mövqeyi də vahiddir. Azərbaycan da sözügedən məsələ ilə əlaqədar bir sıra layihələr həyata keçirib və alternativ enerjiyə keçidlə bağlı planların icrası davam etdirilir. Bu baxımdan, Azərbaycan ekoloji cəhətdən təmiz məhsul istehsal etmək üçün "yaşıl enerji"yə diqqətin artırılmasına töhfə və dəstək verən ölkələrdən biridir. Bu çərçivədə Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetlər, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yenilənməsi üzrə təşviqedici fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb. Məhz sözügedən müzakirələr energetika naziri Pərviz Şahbazovun BMT Baş Assambleyasının tədbirində IEA-nın icraçı direktorunun müavini Meri Burs Uorlik ilə keçirdiyi görüşdə aparılıb.
Onu da qeyd edək ki, COP29-un Bakıda keçirilməsi son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısının təşəbbüsü ilə qərəzli dairələrin məkrli planlarının ifşası Azərbaycanın qüdrətini bir daha dünyaya nümayiş etdirir. Şübhə yoxdur ki, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq. Bu çərçivədə Azərbaycanın 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləməsi mühüm addım hesab olunur. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bununla yanaşı, Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqları "yaşıl enerji zonası" elan edib. Bu ərazilər 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevriləcək. Olduqca məsuliyyətli, qlobal əhəmiyyətli tədbir üçün bütün dünyanın diqqəti Azərbaycana yönəlib. COP-un Azərbaycanda keçirilməsi ilə yanaşı, ilk dəfədir ki, Cənubi Qafqazda belə bir iqlim sammiti baş tutacaq. Məhz bu çərçivədə Bakıda yüksək hazırlıq prosesi gedir. Belə ki, aprelin 15-də COP29-un baş qərargahında ilk mətbuat konfransı baş tutdu. İclasda COP29-un loqosu beynəlxalq ictimaiyyətə nümayiş etdirildi. Çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezi təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə həsr olunub. Məlumdur ki, Azərbaycanın tarixi-mədəni irsini özündə ehtiva edən buta motivi davamlılıq və innovasiyanı təmsil etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyündə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat. Tədbirin loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətinin təzahürüdür. Tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsi qərara alınıb. Qlobal məkanda etibarlı tərəfdaş, mühüm tədbirlərin ev sahibi kimi statuslara sahib olan ölkəmiz bütün dünyanın faydalı dialoq məkanı kimi tanınır. Ən əsası, əldə edilən bu uğur Azərbaycanın artan nüfuzunun göstəricisidir.

Nizami Çıraqov,
YAP Göygöl rayon təşkilatı üzrə 2 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri

Digər xəbərlər