Siyasət

  • 1 358

Erməni kilsəsinin ƏNƏNƏVİ POZUCULUQ MİSSİYASI - TƏHLİL

image

Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı olmaqla, Qazax rayonunun dörd kəndinin Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı Bakı ilə İrəvan arasında protokolun imzalanması hər şeydən çox sülh sazişinin imzalanması istiqamətində ən ciddi və müsbət addım olaraq bütün dünyada belə qəbul edilsə də, erməni kilsəsi yenə də öz ara qarışdırıcı və pozucu missiyasını ortaya qoydu. Bəlli oldu ki, delimitasiya komissiyasının qərarlarına etiraz etməyə çalışan qüvvələrin, daha doğrusu, etiraz etməyə sövq etdirilən qüvvələrin başında yenə də elə erməni kilsəsi dayanır. Bir sözlə, bu dəfə də ermənilərin qızışdırılması və nəyə isə təhrik edilməsində erməni kilsəsinin xüsusi rolu göz önündədir və hər zaman olduğu kimi yenə də hansı daşı qaldırsan altından məhz kilsənin yeparxiya rəhbəri, dini lideri çıxır.

Erməni kilsəsi etirazlara rəhbərlik edir, təxribatçı çağırışlara əl atmaqla hayları irimiqyaslı aksiyalara səsləyir

Şübhəsiz ki, hayların bu dəfə də aksiya keçirməsini kortəbii hesab etmək mümkün deyil. Çünki erməni kilsəsinin bu etirazlara rəhbərlik etdiyi müşahidə edilməkdədir. Ermənistana məxsus mətbuat səhifələrində də qeyd olunur ki, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan nümayişçilərə qoşularaq kənd sakinlərini birgə irimiqyaslı aksiyalar keçirmək üçün birləşməyə çağırıb. O, hər zaman olduğu kimi, yenə də erməni cəmiyyətini qızışdırmaq üçün pafoslu sözlər söyləyib və aksiyanın qızışması üçün əlindən gələn bütün mümkün vasitələrə əl atıb. Qalstanyan erməni cəmiyyətinin müxtəlif nümayəndələrinin ünvanına çoxlu fikirlər də səsləndirib və ələlxüsus da hərbçilərə etdiyi qızışdırıcı çağırışları ilə yadda qalıb. “Sizin uniformanız şərəfiniz deməkdir, hansı ki, biz hörmət edirik. Bu, sənin müdafiə etdiyin Vətən və dövlətdir. Bir şey deyin, bir şey göstərin”, deyə çağırış edən Baqrat Qalstanyan nəyə nail olmaq fikrindədir, qarışıqlıqlara, xaosa, yoxsa qarşıdurmalara? Onun dedikləri, ifadələri Erməni Apostol Kilsəsinin qanuni hökumətin devrilməsinə birbaşa çağırış deməkdir və yəqin ki, bunu elə erməni cəmiyyəti özü də yaxşı başa düşür.

Axmaq ideyaların ermənilərin şüurunda kök salmasında diaspordan da çox kilsənin məxsusi rolu olub

Bilirik ki, erməni cəmiyyətinə təsirini məhdudlaşdırmaq niyyəti ilə erməni kilsəsi uzun müddət Paşinyan və onun komandasına müxalifətdə olub. Düzdür, Qareginlə bağlı bir söz deyilmir, çünki indiyədək kəndlərin qaytarılması ilə bağlı onun hansısa bir açıqlama verdiyinin şahidi olan olmayıb. Amma bilirik ki, o, hakimiyyətə qarşı bir qədər üsyankar davranış nümayiş etdirib və etdirməkdədir. Ümumiyyətlə, onun Paşinyan hakimiyyəti ilə qətiyyən ulduzu barışmır və hazırkı Ermənistan hakimiyyəti nə qərar versə, əleyhində olduğunu açıq şəkildə göstərir. Hətta əvvəlki hakimiyyətlərdən hansı olmasından asılı olmayaraq, onlara qarşı meyilli olduğunu, Qarabağ klanını belə hazırkı hakimiyyətdən üstün tutduğunu da nümayiş etdirir. Bir sözlə, Ermənistanın daxili sakitliyinin pozulması, xaos, qarşıdurma onun özünün də heç vecinə deyil və ən azından bu ondan xəbər verir ki, onun özü də kəndlərin qaytarılması məsələsi ilə bağlı hələ bundan sonra belə sayıqlaya bilər.

Sirr deyil ki, erməni ideyası Ermənistan, kilsələr və diasporalar olmaqla, hər zaman üç sütun üzərində dayanıb. Üstəlik, ermənilərin şüurunda ərazi iddiaları, qondarma miflər, “miatsum” deyilən axmaq ideyalar heç nədən kök salmayıb. Bunu onların şüuruna yeridənlər olub və yenə də var. Onu da bilirik ki, bu axmaq dediyimiz ideyaların ermənilərin şüurunda kök salmasında diaspordan da çox kilsənin məxsusi rolu olub. Hər zaman yeni torpaqları işğal etmələri üçün kilsə hayları mifik və qondarma ideyalarla bəsləyib və görünən odur ki, yenə də bəsləməkdədir. Guya dənizdən dənizə qədər böyük ərazilərə sahib olduqlarını hayların beyninə yalandan yeridənlər, elə məhz kilsə onları qırğınlara, qətliamlara, müharibələrə mütəmadi olaraq sürükləyib. Tarix boyu mifik və dırnaqarası “Böyük Ermənistan” ideyasını yalandan formalaşdırmağa çalışanlar hayların özlərini də çox zülmə salıblar. Onlar özləri də yetərincə “çəkiblər” və məhz tarixə nəzər salmaqla artıq bilməlidirlər ki, kilsə onların beyinlərinə ustalıqla elə şeylər yeridib ki, nəticəsi hər biri üçün belə çox ağır olub. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində hələ ötən əsrin sonlarında, daha dəqiq desək, 90-cı illərdə ermənilərin hansı şəkildə vəhşiliklə hücuma keçdiklərini də hər birimiz yaxşı xatırlayırıq. Ərazilərimizi işğal etmək üçün törətdikləri soyqırımlar, məhz Xoçalı faciəsi kimi dünyanı lərzəyə salan insanlıq dramı da hayların vəhşiliklərindən, vandallıqlarından idi. Məsələ burasındadır ki, onları bu vəhşiliklərə, bu qaniçənliyə təhrik edən, sövq etdirənin də o zaman elə məhz erməni kilsəsi olduğunu da hamımız yaxşı bilirik. Yaxşı bilirik ki, hayları qızışdırın da, şirnikləndirən də məhz kilsə olub və belə aydın olur ki, bunun ardınca baş verən faciələrin də müəllifi elə erməni kilsəsi özü hesab olunur. Hər halda, ermənilər bunu vaxtında, zamanında başa düşmüş olsalar, məhz ziyanın yarısından qayıdanlar misalında itgiləri də daha az olar.

Kilsənin dişi daşa dəymiş oldu və bu vaxta qədərki bütün fəaliyyəti heçə çevrildi

Ən böyük reallıq ondan ibarətdir ki, Azərbaycan 44 günlük müharibədə qazandığı mükəmməl qələbəsi ilə, anti-terror tədbirləri ilə, ərazilərini, şəhər və kəndlərini bir güllə atılmaması, qan tökülmədən işğaldan azad edilməsi fonunda bir-birinin ardınca diplomatik qələbələrə imza atması ilə onsuz da həmin o qondarma “miatsum” deyilən ideyanı yerlə yeksan edib. Hayların torpaq iddiaları da, bir vaxtlar işğalda saxladıqları və arzusunda olduqları yeni-yeni ərazilər barədə niyyətləri də puç oldu. Deməli, bir sözlə, erməni ideyası məhv edildi. Bu isə o deməkdir ki, kilsənin də öz növbəsində dişi daşa dəymiş oldu və bu vaxta qədərki bütün fəaliyyəti heçə çevrildi. İndi erməni kilsəsinin dini liderləri daha yaxşı bilirlər ki, həmin o erməni ideyası artıq yoxdur və təzəsi də ortaya çıxmayıb. Bilirlər ki, erməni baş nazir Nikol Paşinyan özü belə Ermənistan ərazisinin heç olmasa 29 min 600 kvadrat kilometr olaraq qalması üçün əlindən gələni edir. Hətta o qorxur ki, tarixi sənədlər qaldırıldığı zaman onlar bir vaxtlar məskunlaşdıqları 9 min kvadrat kilometr əraziyə ancaq sahib ola bilərlər. Bunu da kilsə, məhz erməni kilsəsi çox yaxşı bilir və hər halda nəzərə də alır. Amma öz xislətindən əl çəkə bilmir və yenə də təxribatçılıq, xaos, qarışıqlıq, qarşıdurma yaratmaq üçün əlindən gələni əsirgəmir, yolu kəsməklə, bir qrup erməni vətəndaşını etiraz aksiyasına cəlb etməklə, avantürist çağırışlarla nəyə isə nail olmağa ciddi cəhd edir.

Öz ambisiyaları, uydurma mifləri, ideyaları naminə erməni kilsəsi hayları yeni-yeni faciələrə sürükləməyə çalışır

Əlbəttə ki, erməni kilsəsi Qarabağın işğal edilməsi ideyasının Ermənistan üçün, erməni cəmiyyəti üçün, haylar üçün necə böyük bir səhv olduğunu indi də olsa anlamaya bilməz, çünki qarşılaşdıqları, yaşadıqları göz önündədir. Hətta kilsənin liderləri yaxşı bilirlər ki, öz sərhədləri daxilində dövlətçiliklərini möhkəmləndirmək, iqtisadi əlaqələr yaratmaq, inkişaf etmək əvəsinə başqalarına məxsus olan əraziləri ələ keçirmək üçün çalışdıqları üçün bu zamana qədər əldə edə biləcəkləri hər şeydən məhrum olublar. Ermənistanın öz müstəqilliyini qazandığı gündən bu vaxta qədər olan zaman kəsiyində heç nə əldə edə bilmədiyini, itirdiklərini erməni kilsəsinin qabaqda gedənləri bütün sıravi ermənilərdən də yaxşı bilirlər. Bilirlər ki, onların oyunları, təkəbbürlü şəkildə torpaq iddialarını irəli sürmələri bu illər ərzində erməni xalqını məhrumiyyətlərlə üz-üzə qoydu, sonda da haylar rüsvayçı məğlubiyyətləri, rəzalətləri ilə müşaiyət olunan faciə ilə qarşılaşmalı oldular. Amma dəhşətli məqam ondan ibarətdir ki, bunları bilə-bilə kilsə öz yolunu dəyişmək, “başbilənlərini” də, liderlərini də bu yoldan, faciədən döndərmək əvəzinə, əksinə, yenə də utanmazcasına öz ambisiyaları, uydurma mifləri, ideyaları naminə hayları yeni-yeni faciələrə sürükləməyə çalışır. Ümid edirik ki, bütün bunları erməni xalqı intuitiv olaraq yox, məntiqi yanaşma ilə hiss etməlidir, görməli, dərk etməlidir. Ən azından haylar görməli idilər ki, yolu kəsərək etiraz aksiyası keçirdiklərini bəyan edənlər, həmin aksiyaya daha çox yerli sakinləri yox, İrəvandan gətirdikləri adamları yığmışdılar. Deməli, məqsəd yerli sakinlərin maraqları deyil və ermənilərin bunu başa düşmələri lazımdır. Başa düşmələri lazımdır ki, erməni kilsəsi çoxdan öz xristianlıq kökündən qopub və yeganə məqsədi qarışıqlıq salmaq, xaos yaratmaq, qarşıdurmalara səbəb olmaqdır. Artıq görməlidirlər ki, bu kilsə ancaq təxribatçılıq, vəhşilik, vandallıq və bunun kimi ideyaları təbliğ edir. Təəssüf ki, ermənilər bunu, bu reallıqları kilsənin qarşısına qoymurlar, əks halda erməni kilsənin səsi belə artıq batmış olardı, indi də yeni-yeni təxribatlar üçün ciddi cəhdlə ortaya atılmazdı.

Digər xəbərlər