Siyasət

  • 2 257

Azərbaycan-Qırğızıstan münasibətləri: Türk dünyasının birliyinə mühüm töhfə - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "Qarşılıqlı səfərlər münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir"

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir.

Cənubi Qafqazın lider dövləti Azərbaycanla Mərkəzi Asiyanın önəmli qüvvələrindən olan Qırğızıstan arasında əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Çünki qədim tarixə malik olan Azərbaycanla Qırğızıstan arasında münasibətlər bu gün daha da inkişaf etməkdədir. Eyni kökə, eyni mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan Azərbaycan və Qırğız xalqları bir-birinə çox sıx tellərlə bağlıdır. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, xalqın təkidi və tələbi ilə ümummilli lideri, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Cari ili aprel ayının 20-də Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə reallaşan görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuz bir daha isbat olundu.

AZƏRBAYCAN-QIRĞIZISTAN MÜNASİBƏTLƏRİ TÜRK DÜNYASININ BİRLİYİNƏ MÜHÜM TÖHFƏLƏR VERİR

Prezident İlham Əliyev bu ilin fevral ayının 14-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində Azərbaycanın xarici siyasətində türk dünyasının birliyinin, türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini xüsusi qeyd etdi: "Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

Prezident İlham Əliyev Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin perspektivlərinə toxunaraq bu səfərin iki ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Sevindirici haldır ki, bu gün dövlət başçımızın dediyi kimi, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb. Bu isə, dövlət başçılarının uzun illər ərzində uğurlu xarici siyasi kursunun əhəmiyyətli nəticələri hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına səbəb olub.

Bu məqamda xüsusi vurğulamaq lvazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövründə bir daha dünya Azərbaycan-Türkiyə dostluğunun, əbədi qardaşlığının, sarsılmaz şahidinə çevrildi. Və bu birlik müharibədən sonra da möhkəmləndi, sarsılmaz oldu. Tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasbətlərdə yeni mərhələnin əsası qoyuldu. Və bu gün türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri artıq davamlı xarakter alıb. Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir çox məqamlara aydınlıq gətirdi.

HƏR BİR SƏFƏR MÜNASİBƏTLƏRDƏ YENİ SƏHİFƏNİN BAŞLANĞICIDIR

Dövlət başçısı İlham Əliyevin daim çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, bir turkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. Təbii ki, bu çağırış özlüyündə diaspor fəaliyyətinin genişləndirilməsini, ölkələr arasında etimad mühitinin daha da möhkəmləndirilməsini bir tələb kimi qarşıya qoyur. Xsusilə də qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafına təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Belə ki, keçirilən görüşlərdə müzakirə edilən məsələlər, ümumi mövqenin ortaya qoyulması, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər əlaqələrin gələcək inkişafına stimuldur. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında məhdud tərkibdə görüş oldu. Bu görüşdə əməkdaşlığımızın bir çox mühüm məsələləri müzakirə edildi, onun əsas istiqamətləri, prioritetləri açıqlandı. Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildi. Bir daha qeyd edildi ki, qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət verilir. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır.

Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın 2-ci geniş tərkibdə iclasında vurğulayıb ki, Qarşılıqlı səfərlər münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir: "Həm xalqlarımız arasında qardaş xarakterli münasibətlərə, həm də Qırğız-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim".

İndiyədək qardaş Qırğız torpağında iki dəfə olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Azərbaycan Prezidenti qırğızıstanlı həmkarına müraciətlə deyib: “Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar, Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir. Bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir”.

PREZİDENT SADIR JAPAROV: "Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir"

İlk öncə vurğuulayaq ki, səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalanıb. Sonra isə hər iki ölkə rəhbərləri mətbuata bəyanatla çıxış ediblər. Qeyd edək ki, sfərin əhəmiyyətini, məqsəd və məramını, həmçinin münasibərlərin gələcək inkişafını açıqlayan mühüm addımlardan biri də prezidentlərin mətbuata bəyanatlarıdır. Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış etdilər. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Ən önəmlisi ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

"Bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi barədə Birgə Bəyannamə imzaladıq". Bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib və vurğulayıb ki, bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.

Bir sözlə, bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi, imzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər