Siyasət

  • 1 086

Azərbaycan Rusiya əlaqələri yeni mərhələdə inkişaf edir - ŞƏRH

image

Rusiya Azərbaycan əlaqələri ikitərəfli qonşuluq münasibətlərinə üstünlük verməklə, qarşılıqlı etimada əsaslanaraq inkişaf edir. Azərbaycan Respublikasının ərazisi iki əsrə yaxın müddət ərzində əvvəl Rusiyanın, sonra isə SSRİ-nin tərkibində olub. 1991-ci ilin dekabrında SSRİ-nin süqutundan sonra Rusiya dünya arenasına yeni simada, kəskin və fərqli tərzdə çıxdı. Elə həmin arada dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının qarşısında duran ən əsas vəzifələrdən biri SSRİ-nin dağılması nəticəsində meydana gələn yeni müstəqil dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə qarşılıqlı münasibətlərin formalaşdırılması idi. Azərbaycanın xarici siyasətinin qarşısında Rusiya ilə bağlı bir sıra yeni prinsipial problemlər dururdu: Rusiyanın Azərbaycan Respublikası ərazisindəki qoşunlarının çıxarılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirakı, Xəzərin statusu probleminə Rusiyanın münasibəti və nəhayət, bu ölkədə yaşayan azərbaycanlıların taleyi. Bu problemlərin hər birinin həlli iki ölkə arasında münasibətlərin xarakterindən çox asılı idi. Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisin iclasındakı ilk çıxışında iki ölkə arasında münasibətlər qurulmasının vacibliyini belə şərh etmişdi: “Rusiya çox böyük dövlətdir, bizim şimal qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha yaxşı, daha geniş, səmərəli olmalıdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən genişhüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır.Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yükdaşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yükdaşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Prezidenti Vladimir Putin arasında yüksək səviyyəli danışıqlar iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi və strateji əməkdaşlığın genişlənməsi baxımından mühüm bir mərhələ oldu. Görüşlər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar aspektlərini əhatə edən müzakirələrə və qarşılıqlı anlaşma və dəstəklərə zəmin yaratdı.

Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər