Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaqla bərabər, eyni zamanda, milli-mənəvi maraqlara bağlılığı ilə seçilir. Bunun da ən əsas səbəbindən biri həmin dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin, beynəlxalq səviyyədə tərəfdaşlığının prioritet istiqamətlərindəndir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Ölkələrimiz arasında münasibətlər hazırda yüksək səviyyədədir və getdikcə yeni məzmunla zənginləşir. Azərbaycan və Qırğız Respublikasını çoxillik tarixi, möhkəm dostluq və qardaşlıq ənənələri birləşdirir. Bu, dövlətlərarası əlaqələrin yeni şəkildə genişləndirilməsi üçün yaxşı imkanlar yaradır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də iki ölkə arasında münasibətlərin daha da güclənməsinə kömək edəcək.Ümumiyyətlə, cənab Japarovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından çox məhsuldar oldu. Ondan çox sazişin imzalanması əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi üçün əlverişli hüquqi baza olacaq. Qeyd edək ki, hazırda Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artır, ölkələr birgə layihələr həyata keçirir, həmçinin qarşılıqlı investisiyaları və özəl sektorun işini həvəsləndirir. 2023-cü ilin sonunda Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 6 dəfədən çox artaraq 65 milyon dollara çatıb. Xüsusilə Qırğızıstan qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə də imzalandı. Nizamnamə fondunun 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artırılması qərara alındı. Prezident İlham Əliyev mətbuata açıqlamasında 100 milyon dolların da son hədd olmadığını diqqətə çatdıraraq əlavə etdi ki, hər iki ölkə müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün birlikdə tapşırıq verdilər.
Qırğızıstan liderinin ölkəmizə səfəri həm də böyük mədəniyyət hadisəsi ilə yadda qaldı. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışı Prezident İlham Əliyevin bildirdiyi kimi qardaşlıq münasibətləri tarixində əlamətdar günə çevrildi. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, bu, iki xalqın dostluğunun, qardaşlığının və birliyinin daha bir rəmzi olacaq. Təkcə Qırğızıstanın deyil, həm də bütün Türk dünyasının qüruru olan Çingiz Aytmatovun abidəsinin Bakıda ucaldılması xalqlarımızın yaxınlaşması baxımından da son dərəcə vacib rol oynayacaq.
Beləliklə, Azərbaycan və Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq mövqe var. Bununla belə, iqtisadi qarşılıqlı fəaliyyətə xüsusi önəm verilir. Əminliklə qeyd etmək olar ki, Qırğızıstan liderinin son səfəri iki türk dövləti arasında münasibətləri yeni zirvəyə daşıyacaq. Azərbaycan regionun lider dövləti kimi artıq beynəlxalq layihələrin də əsas aparıcı qüvvəsi kimi çıxış edir. Bu baxımdan Qırğızıstanla əlaqələr həm də ölkəmizin Türk Dövlətləri Təşkilatındakı mövqeyi və qarşıya qoyduğu hədəflərlə birbaşa bağlıdır. Azərbaycan tarixi köklərdən irəli gələn əlaqələr üzərində Cənubi Qafqazla məhdudlaşmayaraq bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri