Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycan Qırğızıstanın mühüm tərəfdaşıdır və hər iki ölkə arasında münasibətlər onların ortaq tarixindən, mədəniyyətindən, dilindən, müştərək mənəvi və dini dəyərlərindən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslanır. Bu gün Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 30-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Azərbaycanla Qırğızıstan arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Orta Asiyanın bu dövləti ilə Azərbaycan arasında münasibətlər əsasən XX əsrin əvvəllərindən inkişaf etməyə başlayıb. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Aprelin 24-25 tarixlərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına təkan verəcək. Bunu Prezident İlham Əliyevlə Prezident Sadır Japarovun keçirdikləri məhdud və geniş tərkibdə görüşlərdən, imzalanan sənədlərdən daha aydın görmək olur. Prezident İlham Əliyev 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib ki, qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir: Dövlətlərarası Şuranın ikinci iclası uğurla keçdi. İmzalanmış sənədlər qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcək. İki dövlət arasında bütün sahələrdə praktiki əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu, ondan irəli gəlir ki, Azərbaycan və Qırğızıstanın münasibətləri möhkəm bünövrə üzərində qurulub və strateji tərəfdaşlığa əsaslanır. Prezidentlərin görüşlərdə əməkdaşlığın bir çox mühüm məsələlərini müzakirə etmələri perspektiv əməkdaşlığın daha da güclənəcəyinə əsas verir. Dövlətlərarası Şuranın iclası çərçivəsində müzakirələrin davam etdirilməsi bu fəaliyyəti daha da sürətləndirəcək. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri daha yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Onlar belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər.Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı, ümumilikdə orada Azərbaycan, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır.Bütün bunlar onu deməyə əsas verir ki,diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı fayda, tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi- texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri