PDF Oxu

Siyasət

  • 1 267

Qitələr arasında körpü salan Azərbaycan TƏHLİL

Qitələr arasında körpü salan Azərbaycan TƏHLİL

Prezident İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir"

Beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Azərbaycan-Almaniya münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Siyasi, təhlükəsizlik və digər sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. Almaniya Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. Son 14 ay ərzində Cənab İlham Əliyevin Almaniyaya dörd dəfə səfəri əlbəttə ki, bu əməkdaşlığın uğurla davam etməsinə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Almaniyaya işgüzar səfəri əlaqələrin davamlığına əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatla çıxışı zamanı bildirdiyi kimi, "Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir"
Dövlət başçımızın Almaniyaya budəfəki işgüzar səfəri isə əsasən, iqlim siyasəti çərçivəsindədir. Səfər çərçivəsində dövlətlərarası ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri, o cümlədən COP29-a hazırlıq işləri müzakirə edilib. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan və böyük təcrübəyə sahib Azərbaycan dövləti toplantıların yüksək səviyyədə keçirilməklə göstərilən etimad və inamı yüksək səviyyədə doğruldur. Heç şübhəsiz ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-a da Azərbaycan uğurla ev sahibliyi edəcəkdir.

"COP29-A EV SAHİBLİYİ EDƏCƏK ÖLKƏ KİMİ AZƏRBAYCAN QLOBAL TƏDBİRƏ HAZIRLIĞIN FƏAL MƏRHƏLƏSİNDƏDİR"

Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir inam və ehtiramın göstəricisidir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi ölkəmizin inkişafının təqdimatı baxımından da əhəmiyyətlidir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"un Yüksək Səviyyəli Seqmentində çıxışında bildirib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".

QLOBAL ƏHƏMİYYƏTLİ TƏŞƏBBÜSLƏR - YENİ ƏMƏKDAŞLIQ İMKANLARI

Azərbaycanın BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. Sədrlik dövründə Azərbaycan Respublikası Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən "Bandunq Prinsipləri"nin təşviqinə köklənmiş siyasət sərgiləyib. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Azərbaycan, həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, dövlət başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb. "Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. Sədrliyimiz COVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıq və 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərdik", - deyə Prezident çıxışında iştirakçıların diqqətinə çatdırıb.

"YAŞIL GÜNDƏLİYİMİZ HƏLƏ COP29 QƏRARINDAN ƏVVƏL İCRA OLUNMAĞA BAŞLANIB"

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bildiyimiz kimi, yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır.
"Biz həmin ehtiyatların ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutduğumuz hədəflərə yönəldilməsinə görə dəyərləndirilməliyik" – deyə Azərbaycan Prezidenti bildirib ki, neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq: "2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır".
Yaşıl gündəliyimizin isə hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb. Bildiyimiz kimi, 2024-cü il Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərə olan sadiqliyinin daha bir ifadəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir.
"Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik". Həcmlərə gəldikdə isə Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaqdır.

"ƏRAZİ BÜTÖVLÜYÜMÜZÜ HƏRBİ-SİYASİ YOLLARLA TƏMİN ETDİK"

Azərbaycan Prezidenti bəyanatla çıxışında regional təhlükəsizlik məsələsinə toxunaraq Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirdiyimizi diqqətə çatdırıb.Azərbaycanın 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etdiyini və keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etdiyini bildirib: "Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik".
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazaraq erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan yeni dövrünə qədəm qoydu. Azərbaycan yeni reallıqlar yaradaraq işıqlı, daha uğurlu bir yola qədəm qoyub.
"Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur.
Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq" – deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

"BU GÜN TORPAQLARIN BƏRPA EDİLMƏSİ DƏ ÜMUMXALQ MƏSƏLƏSİDİR"

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. "Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır. Bu, ümumxalq məsələsidir. Necə ki, torpaqlarımızın azad edilməsi ümumxalq məsələsi idisə, bu gün torpaqların bərpa edilməsi də ümumxalq məsələsidir".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər