Siyasət

  • 458

Azərbaycan- Qırğızıstan - Etibarlı tərəfdaş ŞƏRH

image

Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Xüsusilə də, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əlaqələrinin yüksələn xəttlə inkişaf etməsidir. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir, çünki orta Asiya ölkələri ilə Azərbaycan bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Çünki Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələri yüksələn xətlə inkişaf edir. Türk dünyasının birliyi, Avropa ölkələri ilə əməkdaşlıq, yeni istiqamətlərin müəyyənləşdirilməsi prioritet məsələlər sırasındadır. Məhz bu baxımdan bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır, o cümlədən Qırğızıstan ilə münasibətlərə böyük önəm verir. Xüsusilə vurğulamaq istərdim ki, ikitərəfli əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. O cümlədən, aprelin 24-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana növbəti dövlət səfəri əlamətdar hadisələrlə yadda qalmışdır. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin, hər iki liderin bəyanatları strateji tərəfdaş, müttəfiq dövlətlər olan Azərbaycan və Qırğızıstan münasibətlərinin gələcəkdə daha da güclənəcəyini, tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə çatacağını göstərir. Bu, eyni zamanda qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir.

Prezident İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatında bildirib ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək. İkitərəfli sənədlərin imzalanmasının önəmini qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək: «Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçlə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm».

Qeyd edim ki, səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Dövlət başçımız İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, münasibətlərimizin gələcək inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək sənədləri imzaladıq. Onların hər biri böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev diqqəti son üç ildə reallaşdırılan səfərlərə yönəltdi: «Qeyd edək ki, bu il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Türk dünyasının birliyinin növbəti təqdimatı olan bu Zirvə görüşündə belə təmaslar üçün imkanlar yaranacaq. Həmçinin dövlətimizin başçısı qardaş Qırğızıstanın Prezidenti Sadır Japarovu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransında iştiraka dəvət etdi. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətlidir, dəyərlidir».

Prezident İlham Əliyev çıxışlarında bildirir ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Və bu gün iki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən münasibətlərin əhatə dairəsi kifayət qədər genişdir. Həm Qırğızıstan, həm də Azərbaycan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin yüksələn xətlə inkişafına böyük siyasi iradə nümayiş etdirirlər..

Azərbaycanla Qırğızıstanı yaxınlaşdıran yalnız geosiyasi maraqlar, bugünkü reallıqlar və ortaq coğrafiya deyildir. Həm Azərbaycan xalqı, həm də qırğız xalqı ortaq tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bölüşürlər. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işində öz dəstəyini göstərən qardaş dövlət başçısı Sadır Japarovun təşəbbüsü ilə Qırğızıstan Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Həmçinin, bu günlərdə Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin keçirilməsi, qırğız xalqının böyük yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı, səfər çərçivəsində imzalanan sənədlər Qırğızıstan-Azərbaycan qardaşlığının təzahürüdür. Bu reallığı da vurğulamaq lazımdır ki, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri müstəsna əhəmiyyət daşıyır. 2022-ci ilədək Prezident İlham Əliyev Qırğızıstana iki dəfə işgüzar səfər edib. 2016-cı ilin sentyabrında həyata keçirilmiş səfər zamanı Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında və 2018-ci ilin sentyabrında isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Çolpon-Ata şəhərində keçirilmiş VI Zirvə Görüşündə iştirak edib. Həmçinin ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupunun fəaliyyət göstərməsidir. Eyni zamanda, Qırğısıztan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Həm Azərbaycan, həm də Qırğızıstqn regional və qlobal əhəmiyyət daşıyan bir çox məsələlərdə oxşar mövqelərdən çıxış edirlər. Səfər zamanı, digər mühüm məqam isə, işğaldan azad olunmuş ərazilərin bərpası üçün investisiyaların cəlb edilməsi, coğrafi baxımdan yaxın dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və ölkənin dünya siyasətində əhəmiyyətinin artırılması prioritet istiqamətlərdir. Bu vəzifələrin yerinə yetirilməsində Mərkəzi Asiyanın türkdilli dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Türkmənistan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı əlaqələrin daha da dərinləşməsi mühüm rol oynayır. rezident İlham Əliyev bildirib ki, Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur: “Biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Bu gün əmtəə dövriyyəsinin bir neçə dəfə artması rəqəmləri səsləndi. Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur”.

“Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib”, - deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər, Ağdam və Füzuli rayonlarında olub, bir sıra açılışlarda iştirak ediblər. Bir sözlə, bütün bu addımlar dostluğun, qardaşlığın nümunəsi olmaqla, dünyaya türk birliyinin, həmrəyliyinin təqdimatı olmaqla yanaşı, imzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir. Eyni zamanda, Azərbaycanla digər ölkələr arasında münasibətlərin qurulmasında əldə olunan bütün bu uğurlu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyində yaxın və uzaq gələcəyə indidən yatırım edərək, il-ildən xarici əlaqələr istiqamətində nailiyyətlərinin sayını artırmağa davam edəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri

Digər xəbərlər