Siyasət

  • 1 421

Böyük Qayıdış konsepsiyası: QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR TƏHLİL

image

Prezident İlham Əliyev: "Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır"


Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa bir zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Reallaşan layihələr işğaldan azad edilmiş rayon, kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına təkandır. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları, "yaşıl enerji" zonasının yaradılması məqsədilə pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilməsi və s. ərazilərdə aparılan abadlıq-quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Azərbaycan Prezidenti İlham Əliyevi bildirdiyi kimi, "Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır... Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Tender prosedurlarına tam əməl edilir".
30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Bizim ölkəmiz üçün yeni dövr başlayır", - deyərək artıq ölkəmizdə yeni dövrün başlandığını bildirmişdi: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

RAHATLIQ VƏ FİRAVANLIĞIN TƏMİNATI

İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl görülən işlər çərçivəsində yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar əsasında yol infrastrukturunun təzələnməsi daha da sürətləndirilir. Təbii ki, avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır. Rayonlar, kəndlər və qəsəbələrarası avtomobil yolu layihələrinin icrası uğurla həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlər də bu sıradadır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və keyfiyyətlə yerinə yetirilib. Bu yol başlanğıcını "Zəfər yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

"MÜHARİBƏDƏN CƏMİ ÜÇ İL YARIM VAXT KEÇİB, ARTIQ 6 MİN KEÇMİŞ KÖÇKÜN ÖZ DƏDƏ-BABA TORPAĞINA QAYIDIB"

Bu gün işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə, Füzuliyə, eləcə də Laçına köçlər yola salınıb. İnsanların doğma yerlərdən səsləri eşdilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. "Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır", - deyə Azərbaycan Prezidenti bildirib.

FÜZULİ ŞƏHƏRİNƏ 3132 NƏFƏR KÖÇÜRÜLÜB

Yeni dövrünü yaşayan Füzulimizə də köç karvanları davamlı olaraq yola salınır. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı da əzəli torpaqlarımızda yuva saldı. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürüldü. Köç Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb. Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) də məskunlaşdıqları ərazidən yola salındı. Beləliklə, bu köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3132 nəfər) çatmış oldu.
Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər buranın yeni və müasir məkan olacağını təsdiqləyir. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

CƏBRAYIL RAYONUNDAKI KOMPLEKSƏ 712 AİLƏ KÖÇÜRÜLƏCƏK

Müvafiq Dövlət Proqramına əsasən, 2022-2026-cı illərdə Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında 24 kənd, 5 qəsəbə və 3 şəhərin inşası planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində 712 mənzildən ibarət böyük bir kompleks artıq tikilir və 2 aydan sonra onun bir hissəsi təhvil veriləcək. Həmin bu kompleksə Cəbrayıl şəhərinin sakinləri qayıdacaqlar. Cəbrayıl rayonundakı kompleksə 712 ailənin köçürülməsi nəzərdə tutulur. Hazırda Zəngilanda da böyük abadlıq-quruculuq işləri görülür. 13 binadan ibarət bir kompleks tikilir və sakinlərin 2024-2026-cı illərdə ora köçürülməsi planlaşdırılır. Rayonun Cahangirbəyli kəndində də hazırda tikinti işləri həyata keçirilir. Həmçinin 2024-2026-cı illərdə Cəbrayıl rayonunun Xorovlu qəsəbəsinə, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində də artıq tikintilər başlanılıb və həmin bu kəndlərə də köç nəzərdə tutulur.
"2022-2026-cı illər üzrə Dövlət proqramı"na əsasən, Cəbrayıl, Qubadlı və Zəngilana 40 min nəfər köçəcək. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan edilib və bunun sayəsində bütün inzibati binalarda, qeyri-yaşayış sahələrinin üstündə günəş panelləri istifadə olunur. Bundan əlavə, Zəngilan rayonunun özündə 4 kiçik su elektrik stansiyası artıq fəaliyyət göstərir.İşğaldan azad olunan və üçrəngli bayrağımız dalğalanan ərazilərimizdə müasir infrasturuktur yaradılır və yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər