Siyasət

  • 1 016

Azərbaycan və Almaniya xalqları arasında münasibətlərin qədim tarixi kökləri var - ŞƏRH

image

Azərbaycan Avropadakı mühüm siyasi və iqtisadi tərəfdaşlarından biri kimi Almaniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Müxtəlif sahələrdə olan əməkdaşlığımız, əsasən də Prezident İlham Əliyevin son illərdə Almaniyaya səfərləri ölkələr arasında münasibətləri sürətli inkişaf etdirib. Almaniyanın da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş adlandırması və xüsusilə də iqtisadi əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti dəstəkləməsi ikitərəfli əməkdaşlığın güclənməsinə şərait yaradır.

Strateji mövqeyə, zəngin təbii sərvətlərə malik kifayət qədər mürəkkəb geosiyasi regionda yerləşən Azərbaycan həm Qərb, həm də Şərq dövlətləri üçün maraq kəsb edir. Azərbaycan 1990-cı illərdə müstəqillik əldə etdikdən sonra tədricən iki və çoxtərəfli əməkdaşlıq proseslərinə cəlb olunub ki, bu da ilk növbədə özünü ölkəmizin beynəlxalq iqtisadi, enerji və kommunikasiya layihələrində iştirakında göstərir. Xarici siyasətimizin istiqamətlərindən biri Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bu mənada ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk sıralarda yer tutur.

Azərbaycan və Almaniya xalqları arasında münasibətlərin qədim tarixi kökləri var. Qeyd edək ki, bir qrup alman ailəsi XIX əsrdə Azərbaycan ərazisinə köçərək üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, iqtisadiyyatın digər sahələrinin inkişafına da böyük töhfə verib. Bu gün Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi-mədəni irsinə böyük hörmətlə yanaşır və onun qorunub saxlanmasını təmin edir.

Azərbaycan-Almaniya arasında müasir əlaqələrin qurulması və inkişaf etdirilməsi ötən əsrin 90-cı illərinin əvvəlinə təsadüf edir. Ölkələr arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətt üzrə inkişaf etməsi də ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə düşür. Dövlətimizin başçısı İlham Əliyev bu əlaqələrin daha da inkişaf etməsi üçün fəal siyasət yürüdür. Azərbaycan Prezidentinin Almaniyaya çoxsaylı səfərləri də bunu təsdiqləyir.

Hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da dövrün tələblərinə cavab verir. Xəzər regionuna, əsasən də Azərbaycanın iqtisadi resurslarına Almaniya maraq göstərir və Avropa İttifaqı çərçivəsində maliyyə dəstəyi verir, birgə beynəlxalq layihələrdə iştirak edir. Qeyd edək ki, Almaniya Azərbaycanın regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. O cümlədən, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen 2022-ci il 18 iyul tarixində enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Bu sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qaz tədarükünü ən azı iki dəfə artırmağı planlaşdırır. O cümlədən sənəd həm də Azərbaycan və Aİ arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutur. Dövlətimizin başçısı İlham Əliyev birgə mətbuat konfransında bir daha diqqətə çatdırdı ki, həm ənənəvi enerji növləri, həmçinin, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaq.

Cari ilin 26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüş keçirdi. Ölkə rəhbərimizin Berlinə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının yüksələn xətlə inkişafının bariz göstəricisidir. Birgə mətbuat konfransında çıxışı zamanı dövlətimizin başçısı bildirdi ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu qlobal tədbirin hazırlanmasında Azərbaycan Almaniya tərəfi ilə işləməyə hazır olduğunu bildirib. Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-la bağlı Almaniyanın göstərdiyi dəstəyə görə təşəkkür edir və hər iki ölkənin komanda üzvləri bir-biri ilə sıx təmasdadırlar. Bundan əlavə, Almaniya Kanslerininçıxışında səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir ki, Berlin həm siyasi, həm iqtisadi sahələrdə Bakı ilə münasibətləri bundan sonra da inkişaf etdirəcək. Bakıda keçiriləcək Dünya İqlim Konfransının region üçün böyük şanslar gətirəcəyini vurğulayan Olaf Şolts əlavə edib ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar.

Bu səfər Avropa İttifaqında və onun siyasətində əhəmiyyətli çəkiyə malik dövlət olan Almaniya ilə bütün sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək və gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər