Siyasət

  • 3 377

Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir - ANALİTİK

image

İsmayıl İbrahimov,

Yeni Azərbaycan Partiyası
Hacıqabul rayon təşkilatının sədri

Müasir, müstəqil azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi və Ulu Öndər Heydər Əliyev ideyalarını yaşadan, böyük şəxsiyyətin adını daşıdığı Heydər Əliyev Fondunun yaradılmasının 20 ili tamam olur.

Ümummilli Lider Heydər Əliyev gərgin və yorulmaz fəaliyyəti ilə Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna çıxardı. Ulu Öndər müasir-müstəqil Azərbaycanın parlaq gələcəyinin koordinatlarını, milli həmrəyliyin, müstəqilliyin qorunmasını, dövlətçilik ənənələrini, onun gələcək inkişafının təmin olunması yollarını, strategiyasını müəyyəndəşdirdi. Ulu Öndərin tarixi xidmətlərini hər zaman böyük minnətdarlıqla xatırlayan xalqımız Heydər Əliyev ideyalarını ölkəmizin gələcək inkişafının təminatçısı kimi qəbul edir və Ümummilli Liderin müəyyənləşdirdiyi yolu daima dəstəkləyir. Ona görə də dahi şəxsiyyət Heydər Əliyevin ideyaları, fəlsəfəsi, ictimai və siyasi fəaliyyətinin hər dövrü araşdırılmalı və gələcək nəsillərə təqdim olunmalıdır.
20 il öncə Heydər Əliyev Fondu müstəqil dövlətimizin qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, Onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

“...Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır”. Bu fikirləri cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2004-cü ildə Heydər Əliyev Fondunun açılış mərasimindəki nitqində bildirib. Dövlətimizin başçısının qeyd etdiyi bu fikirlər ötən 20 il ərzində Heydər Əliyev Fondunun fəaliyyətində öz əksini tapmışdır.

Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir.

2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond ötən müddət ərzində ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirmiş, insanlara, ehtiyacı olanlara kömək əlini uzadaraq, onlara sevinc bəxş etmişdir. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından çox-çox uzaqlarda insanların böyük sevgisini qazanıb.

Heydər Əliyev Fondu Ümummilli Liderin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, xalqımızın maddi rifahının yaxşılaşdırılması, sağlam, təhsilli Azərbaycan cəmiyyətinin formalaşması naminə müəyyən etdiyi ideyaların reallaşmasına hər zaman böyük dəstək verirmişdir. Son 20 ildə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm layihələrə imza atmışdır.

Ulu Öndər hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərir, onların müstəqil Azərbaycanın gələcəyinin təmin olunmasındakı roluna diqqət çəkərək deyirdi: “Gənclərimizə arzu edirəm ki, onlar həmişə sağlam olsunlar, yaxşı təhsil alsınlar, yaxşı tərbiyə alsınlar, cəmiyyətdə öz yerlərini tuta bilsinlər, cəmiyyət üçün faydalı ola bilsinlər, bizim milli ənənələrimizi həmişə yaşatsınlar, valideynlərinə sadiq olsunlar, həmişə valideynlərinə hörmət etsinlər, məktəbdə, ictimai yerlərdə yüksək mədəniyyət nümayiş etdirsinlər”.

Ölkəmizin müasir təhsil sisteminin qurulması, gənclərimizin yüksək şəraitə malik təhsil ocaqlarında oxumaları Ümummilli Liderin ideyalarının tərkib hissəsi idi. Bu gün Azərbaycanın hər bir bölgəsində təhsil müəssisələri əsaslı şəkildə bərpa edilir və ya yenidən inşa edilir. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin təhsil sisteminin müasirləşdirilməsi, gənclərin daha keyfiyyətli təhsil almaları istiqamətində görülən bütün işlərə Heydər Əliyev Fondu da öz dəstəyini verir. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu istiqamətdə əldə olunan uğurlara ciddi töhfələr verir. Fondun reallaşdırdığı “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər bu kimi proqramlar çərçivəsində Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüləm işlərin miqyasına nəzər salaq görərik ki, 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalar yaradılıb.

“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə ərazisində 39 uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları inşa edilmişdir. Fond, eyni zamanda, uşaq evlərinə və internatlara daim xüsusi diqqət göstərir, burada təhsil alanların asudə vaxtlarının səmərəli keçirilməsi, onlara vətənpərvərlik hissinin aşılanması məqsədi ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir. Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına da daim xüsusi diqqət və qayğı göstərilir. Fondun reallaşdırdığı “Təhsilə dəstək “ proqramı çərçivəsində mütəmadi olaraq qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəb ləvazimatlarının hədiyyə olunması artıq ənənə halını almışdır.

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Bu sırada Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası, Gürcüstanda həyata keçirilən layihələr və bu kimi digər addımlar Fondun xoş məramının göstəricisidir.

Fond tərəfindən reallaşdırılan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində isə paytaxtla yanaşı, bölgələrimizdə yüksək standartlara cavab verən 175 körpələr evi-uşaq bağçası inşası nəzərdə tutulur.

Ümummilli lider Heydər Əliyev hər zaman səhiyyəyə xüsusi həssaslıqla yanaşı, tibb sahəsində çalışanlara böyük hörmət və ehtiramla yanaşaraq “Həyatını tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar həqiqətən çox yüksək hörmət və ehtirama layiq olan insanlardır” deyirdi. Heydər Əliyev Azərbaycanda səhiyyə sistemini dünyanın bu sahədə qabaqcıl ölkələrindəki səviyyəyə qaldırmağı qarşıya əsas vəzifə kimi qoymuşdu.

Ölkəmizdə bu sahənin də inkişafına dövlətimizin başçısı Cənab İlham Əliyev xüsusi diqqət və qayğı göstərir. Bu gün paytaxt Bakıda və ölkəmizin bütün bölgələrində yüksək standartlara cavab verən, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri istifadəyə verilir, peşəkar kadrlar hazırlanır, İcbari Tibbi Sıxortanın tətbiqi isə səhiyyə sahəsinin imkanlarını daha da genişləndirmişdir.

Heydər Əliyev Fondu da dövlətimiz tərəfindən bu sahədə görülən işlərə hər zaman öz dəstəyini ən yüksək şəkildə verir. Fond tərəfindən həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları Ümummilli Liderimizin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində atılan addımlara mühüm töhfələrdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilmiş, Mehriban xanım Əliyevanın şəxsi diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixo-nevroloji Uşaq Mərkəzi, eləcə də digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev Fondunun bu sahədə reallaşdırdığı layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya-Herseqovinada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan xalqının insanpərvərliyini, nəcibliyini nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, hər zaman bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Tez-tez mədəniyyət xadimləri ilə görüşən Ümummilli Lider onlarla səmimi söhbət edər, mövcud problemlərlə maraqlanardı. Müstəqilliyin ilk illərində tənəzzül dövrünü yaşayan mədəniyyətimiz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra yeni inkişaf yoluna qədəm qoydu. Bu gün də Azərbaycan mədəniyyəti həmin qayğıdan bəhrələnərək yeni-yeni uğurlara imza atır. Cənab Prezident İlham Əliyevin və birinci vitse prezident Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə tez-tez görüşü, onlarla aparılan səmimi söhbətləri əsası Ulu Öndər tərəfindən qoyulmuş bu qayğının davamlı olduğunu bir daha təsdiq edir. Tarixi-mədəni abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə bu sahənin çiçəklənməsini, yeni-yeni uğurların qazanılmasını şərtləndirən əsas amillərdəndir.

Bu sahədə də əldə olunan nailiyyətlərdə Heydər Əliyev Fondunun mühüm töhfəsini xüsusi qeyd etmək vacibdir. Fondun bu sahədə həyata keçirdiyi layihələr daim Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak etdiyini göstərir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək lazımdır. Ötən 20 ildə Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, “Qu quşları” fəvvarə kompleksinin bərpası, Müasir İncəsənət, “Tullantıdan sənətə”, “XX-XXI əsr Azərbaycan rəngkarlığı”, Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir. Milli mədəniyyətimiz sahəsində Fonduntəşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, “Muğam aləmi”, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, çoxlu sayda konsertləri xüsusi qeyd etmək lazımdır. 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə Heydər Əliyev Fondunun yüksək tərəfdaşlığı ilə bu müsabiqəyə uğurla ev sahibliyi etmişdir. Ümumiyyətlə, Heydər Əliyev Fonunun reallaşdırdığı hər bir layihə yüksək təşkilatçılığı, kütləviliyi, zəngin mədəniyyətimizə istinad olunması ilə seçilməklə maariflənməni, sülhü, bəşəri dəyərlərə hörməti təbliğ edir. Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı da məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş layihələrdəndir.Fond tərəfindən təşkil edilən çoxsaylı mədəni layihələr, keçirilən tədbirlər, o cümlədən simpoziumlar, sərgilər, konsertlər, tamaşalar cəmiyyətimiz tərəfindən böyük rəğbətlə, məhəbbətlə qarşılanır və böyük auditoriya toplayır. Məhz bu görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanı həm də mədəniyyətimizin hamisi kimi qəbul edir.

“Azərbaycan xalqı dünya xalqları içərisində öz yüksək mədəniyyəti ilə, elmi, zəkası ilə seçilən bir xalqdır. Bizim – bugünkü nəsillərin, gələcək nəsillərin vəzifəsi bunu dünyaya göstərmək sonrakı nəsillərə çatdırmaqdan ibarətdir”,- deyən Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qarşında ciddi vəzifələr qoyurdu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği işinə yönəlib. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə dolğun və ətraflı şəkildə çatdırılması, Xocalı soyqırımının tanıdılması, mədəniyyətimizin, tariximizin, təbiətimizin, dövlətçilik ənənələrimizin xaricdə təbliği işinin düzgün qurulması nəticəsində Fond ciddi nailiyyətlər əldə etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatlar təsdiqini tapır. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb.

Azərbaycanın bənzərsiz mədəniyyətinin dünyada təbliği missiyasını da Heydər Əliyev Fondu müvəffəqiyyətlə icra edir. Fondun təşkilatçılığı ilə mötəbər beynəlxalq qurumlarda, dünyanın möhtəşəm şəhərində ölkəmizlə bağlı sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətindəki xüsusi əhəmiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin də ölkəmizə olan marağının daha da artmasına xidmət edib.

Ulu Öndərin ideallarını yaşadaraq ümumbəşəri dəyərlərə mühüm töhfələr verən Mehriban xanım Əliyeva bu xoş məramı ilə beynəlxalq ictimaiyyətində böyük hörmət və rəğbətini də qazanmağı bacarıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun sərhəd tanımayan xeyirxah təşəbbüsləri ona dünyada böyük nüfuz qazandırıb.

Fond tərəfindən Pakistan, Cibuti, Bosniya və Herseqovina, Misir, Hindistan, Haiti və digər ölkələrdə həyata keçirilən xoşməramlı aksiyalar dünyada Azərbaycana olan rəğbəti daha da artırır. Həmçinin dünyada mədəni irsin qorunması, tarixi-mədəni abidələrin və mədəniyyət obyektlərinin bərpası Fondun fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir. Bu sahədə görülən işlər, həyata keçirilən layihələr Azərbaycanın mədəni əlaqələrinin möhkəmlənməsində də müstəsna rola malikdir. Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini həyata keçirən Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında iştirak edib, həmçinin İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulmuşdur. Bunlardan əlavə olaraq Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında imzalanmış “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş” əsasında Fond tərəfindən xristian aləmi üçün ən mühüm abidələrdən olan katakombaların bərpası işində yaxından iştirak edib.

Görülmüş böyük işlərin təməlində vətənə, xalqa bağlılıq, insanlığa, bəşəriyyətə olan sonsuz sevgi və bu məhəbbətdən doğan yorulmaz və gərgin əmək dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsləri, ideyaları əsasında fəaliyyət istiqamətini genişləndirən Heydər Əliyev Fondu hər zaman ehtiyacı olanların, kimsəsizlərin yanında olur, cəmiyyətimizi narahat edən hər bir məsələnin həllində yaxından iştirak edir. Fədakarlıq missiyasını öz üzərinə götürərək illər ərzində göstərdiyi saysız-hesabsızxidmətləri ilə Mehriban xanım Əliyeva xalqın böyük sevgisini qazanıb. 2017-ci ildə Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilən Mehriban Əliyeva bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən ləyaqətlə, qətiyyətlə gəlir. Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edən Mehriban Əliyeva daim əhalinin həssas təbəqəsinin yanında olur, onları narahat edən məsələləri bir başa insanların öz dillərindən dinləyir.

Mehriban xanım Əliyevanın “Əziz analar, əziz bacılar, mən sizi çox sevirəm. Mən sizin üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mən gəlmişəm sizinlə danışım, problemlərinizi öyrənim. Sizə söz verirəm, həm cənab Prezident, həm mən daim sizin yanınızdayıq...” sözləri hər bir azərbaycanlını bir daha əmin edir ki, onları narahat edən hər bir məsələ Azərbaycan Prezidentinin, Birinci-vitse-prezidentin diqqət mərkəzindədir.
Erməni işğalı nəticəsində illərdir öz doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşması, onların problemlərinin həlli istiqamətində ölkəmizdə böyük işlər görülüb. Bu günə qədər 103 qəsəbə, şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün evlə təmin olunub. Mehribanın Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak etmişdir Həmçinin Fond tərəfindən mütəmadi olaraq məcburi köçkünlərlə bağlı xeyriyyə aksiyaları da təşkil olunmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun gücü və Xalqımızın birliyi ilə tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığımız “Möhtəşəm Zəfər”-dən sonra Böyük Qayıdışın həyata keçirilməsi məqsədi ilə dərhal işğaldan azad edilmiş ərzilərimizin yenidən qurulmasına başlanıldı. Azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Məsələn, 2021-ci ildə Şuşada dahi Azərbaycan şairi və ictimai xadim Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Fondun dəstəyi ilə Şuşada Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli bərpa olunmuşdur. Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, «Şirin su» hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Azərbaycanın tanınmış tarzəni Sadıqcanın Şuşadakı evinin bərpasını da Fond həyata keçirir. Fondun işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı layihələrin bir qismi də məscidlərin bərpası ilə əlaqəlidir. Hazırda Şuşa məscidləri, həmçinin Ağdam «Cümə» və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa edilir.

Azərbaycanda xeyriyyəçilik institutunun dirçəlməsi, fəal inkişafıvə daha geniş vüsət alması məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 2008-ci ildə AZƏRTAC müsahibəsində özünün xeyriyyəçilik fəaliyyətinin istiqamətləri barədə danışarkən demişdi: “Mən bizim çox zəngin mədəni ənənələrimizin qorunub saxlanması, nadir tarixi və memarlıq abidələrinin mühafizəsi, təbii mühitin qorunması, istedadlı gənclərə dəstək, bədən tərbiyəsi və idmanın inkişafına kömək məsələlərini də xeyriyyəçilik fəaliyyətinin üstün istiqamətlərinə aid edərdim”. Ötən illərdə görülən işlərə nəzər saldıqda bütün bu sahələrdə Mehriban xanım Əliyevanın xeyriyyəçilik missiyasının dərin izlərinin bir daha şahidi olaraq. Aztəminatlı ailələri, şəhid ailələrini, məcburi köçkünləri, istedadlı gəncləri əhatə edən bu xeyirxahlıq missiyası Mehriban xanım Əliyevaya milyonların sevgisini qazandırdı.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi fəaliyyəti bu yarışların Olimpiya Oyunları səviyyəsində təşkilində mühüm rola oynadı. Uzun müddət bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan məhz Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin sayəsində bu mötəbər tədbirlərə uğurla ev sahibliyi etdi. Təsadüfü deyil ki, ilk Avropa Oyunlarının təşkilindəki böyük xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olundu. Həmçinin Mehriban xanım Əliyevaya idman sahəsindəki xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı da təqdim edilib.

Təməl prinsiplərində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondu ölkəmizin çiçəklənməsinə mühüm töhfələrini verməklə xeyirxahlıq missiyasını, Azərbaycanın, onun mədəniyyətinin təbliğini uğurla həyata keçirir, Vətənə və xalqa ləyaqətlə xidmət edir. Görülmüş nəhəng və fundamental işlər bir daha onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir.

Digər xəbərlər