PDF Oxu

Siyasət

  • 2 217

44 günlük qələbəmizə həsr olunmuş nümunələr yoxdur, varsa da niyə azdır? - ŞƏRH

44 günlük qələbəmizə həsr olunmuş nümunələr yoxdur, varsa da niyə azdır? - ŞƏRH

Bu mövzu ətrafında çox düşündüklərimizi hörmətli oxucularla bölüşmək istəyirik. Mövzuya keçməzdən əvvəl bəzi faktları yada salaq. Azərbaycan Respublikasının Qarabağ bölgəsinin 20 faizdən çoxu Sovet ordusu və erməni birləşmələri tərəfindən 28 il bundan əvvəl işğal olunmuşdu. Azərbaycan Ordusu erməni birləşmələrinin Tovuz bölgəsində törətdiyi təxribata cavab olaraq 27 sentyabr 2020-ci il tarixində əks-həmlə əməliyyatına başlayaraq 44 günə, yəni 10 noyabr 2020-ci il tarixə qədər, vətən torpaqlarını işğaldan azad etdi. Müharibədə Azərbaycan Ordusu 3000-ə yaxın şəhid verdi.

Müharibə Azərbaycan Ordusunun parlaq qələbəsi ilə sona çatdı. Müharibə vaxtı Azərbaycan Ordusundan bircə nəfər belə fərari olmadı. Amma düşmən tərəfin ordusunda fərarilərin sayı-hesabı olmadı.

Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi haqqında belə deyib: ”Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında bir peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”.

Görəsən, Azərbaycan Ordusunun parlaq qələbəsi niyə səhnə və ekran əsərlərində yoxdur və ya da kifayət qədər deyil. Bəlkə, Azərbaycan Ordusunun analoqu olmayan qələbəsinin dramaturgiya və ssenari versiyasının yaranması üçün müəyyən zaman lazımdır. Düzdür, Mədəniyyət nazirliyi bu sahədə müəyyən işlər görür. Amma hələki teatr səhnələrində və kino ekranlarında istənilən nəticəni görmürük.

Tarixə müraciət etsək görərik ki, vaxtı ilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində müharibə və vətənpərvərlik mövzusunda sənət nümunələri çox-çox sonralar yaranmışdı. Məsələn, 1942-ci ildə “Azərbaycanfilm”-də “Biz Bakını müdafiə edirik” filmi çəkilmişdi. 1958-ci ildə “Azərbaycanfilm”-də Mehdi Hüseynzadənin qəhrəmanlığına həsr olunmuş “Uzaq sahillərdə” filmi, 1959-cu ildə “Onu bağışlamaq olarmı?” və 1961-cu ildə “Bizim küçə”, 1969-cu ildə “Şərikli çörək” və “Bizim Cəbiş müəllim” filmləri çəkilir. SSRİ-də Rusiya kinematoqrafçıları tərəfindən 1964-cü ildə “Əsgər atası”, sonralar 1971-cü ildə “Zabitlər”, 1972-ci ildə “Şəfəqlər burada sakitdir” və sair filmlər çəkilir.

Daha sonralar “Azərbaycanfilm”də 1974-cü ildə “Bakıda küləklər əsir”, 1975-ci ildə “Tütək səsi” və “Sizi dünyalar qədər sevirdim”, 1989-cu ildə isə, “Ölsəm bağışla” filmləri çəkilir.

Azərbaycan teatr səhnəsində də müharibə illərində müharibə və vətənpərvərlik mövzusuna həsr olunmuş əsərlər tamaşaya qoyulur. 1941-1942-ci ildə Azərbaycan Dram Teatrında M.Təhmasibin ”Aslan yatağı”, Z. Xəlilin “İntizar” və ”İntiqam”, 1943-cü ildə R.Rzanın ”Vəfa”, 1944-cü ildə “Tur qardaşları” və C. Seynin “Gizli döyüş” (“Təkbətək döyüş”). Z. Xəlilin “Qatır Məmməd”, S. Vurğunun “İnsan” və digər əsərlər tamaşaya qoyulur.

Bəs bu gün teatr və kino sahəsində yuxarıda qeyd olunan mövzu ilə bağlı vəziyyət necədir?

Əlbəttə, istənilən səviyyədə deyil. Bir-iki teatrda maraqlı dram əsərləri və ssenarilər müharibə və vətənpərvərlik mövzusunu əhatə etsə də, bu nədənsə kütləvi hal almır. Mədəniyyət nazirliyinin yeni rəhbərliyinin bu məsələni tədricən yoluna qoyacağına inanırıq. Bir, iki və ya bir neçə nümunə ilə bu vəziyyət düzələ bilməz. Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıq və şücaət daha ətraflı araşdırılmalı və teatr səhnələrinə və kino ekranlarına gətirilməlidir. Ali Baş Komandanın qeyd etdiyi kimi, “ ...biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq...”

Artıq Böyük Qələbədən dörd ilə yaxın bir zaman ötüb. Hələ də istənilən nəticə yoxdur. Bəlkə, bu mövzu ilə bağlı Mədəniyyət nazirliyi daha bir neçə müsabiqələr keçirib, yüksək məbləğdə mükafatlar təsis etsə, iş yoluna düşər. Bəlkə, Yazıçılar Birliyi də mövzu ilə bağlı müsabiqələr keçirib, mükafatlar təyin etsin. Beləliklə, yaradıcı təşkilatlar bu işdə Mədəniyyət nazirliyinə hansısa yardımlar edə bilər. Düzdür, heç kəsi zor gücünə buna məcbur etmək olmaz. Amma nəsə etmək, nəyi isə dəyişmək lazımdır. 1941-1945-ci illərin müharibəsindən 20 il, 30 il, 40 il və daha çox il keçəndən sonra bu mövzuda əsərlərin yaranması, bizə elə gəlirdi ki, istənilən nəticəni verə bilməz.

Bəlkə də, kimsə bu mövzuda əsərlərini yazıb, lakin nə teatrlara, nə də kino sahəsinə yol tapa bilmir. Nə bilmək olar? Demək, yuxarıda qeyd etdiyimiz kimi, müvafiq orqanlar, bu işdə Mədəniyyət nazirliyinə yardımçı olmağa çalışmalıdırlar. Başqa cür biz istənilən nəticəni görə bilməyəcəyik. Amma hələ ki, mövcud vəziyyətdə dram teatrlarında, bir neçə nümunəni çıxmaqla, daha çox hallarda, səhnə əsərlərinin təəssüf ki, kompozisiya təqdimatı ilə rastlaşırıq. Mövzuya həsr olunmuş kino nümunələrində isə, daha çox hallarda mövzunun qloballığı və möhtəşəmliyi yoxdur. Saysız-hesabsız qəhrəmanlıq nümunələri ətraflı həllini tapa bilmir. Bəlkə, bu gün “Bizim Cəbiş müəllim” kimi müəllimimiz olmayıb və ya Mehdi Hüseynzadə kimi qəhrəmanımız olmayıb. Əlbəttə olub, mütləq olub. Olmasaydı, canını vətən uğrunda qurban verən 3000-ə qədər şəhidimiz olmazdı. Olmasaydı, yüzlərlə, minlərlə igid qazilərimiz olmazdı. Olmasaydı, əlbəyaxa döyüş və yüngül silahlarla həsrətində olduğumuz Qarabağın incisi Şuşa geri alınmazdı. Olmasaydı, adını tarixə qızıl hərflərlə yazan igidlərimiz olmazdı. Olmasaydı, 30 ilə yaxın işğalda olan Vətən torpaqları işğaldan azad olunmazdı. Olmasaydı Qəhrəman Ordumuz, başda Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla vətənin 20 faizə yaxın torpaqları düşməndən geri alınmazdı. Bircə güllə atılmadan neçə-neçə bölgəmizin, o cümlədən son olaraq Qazaxın dörd kəndinin geri qaytarılması, daha nələr və nələr... Buna görə Qəhrəman Ordumuza və canlarını Vətənə fəda etmiş şəhidlərimizə borcluyuq. Bu yerdə Böyük Türk şairi və yazıçısı Nithat Camal Kuntayın məşhur beyti yada düşür:

... Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir...

Çingiz ƏLƏSGƏRLI

Digər xəbərlər