Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, partiya əməkdaşları, İcra Hakmiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, DSX- in hərbi qulluqçuları, kənd sakinləri Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş şəhid Beyrək Fezullayevin doğum günü ilə əlaqədar şəhidin Baş Daşağıl kəndində yerləşən məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedərək, ailə üzvləri ziyarət edilib.
Qeyd edək ki, Beyrək Seyfulla oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub.
2015-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmət keçmişdir. Daha sonra Mingəçevir şəhərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb.
Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli - Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00, 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməkdə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə şəhid olub. Beyrək 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən "Azərbaycan bayrağı" ordeni, "Fizulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin !