Siyasət

  • 941

Qlobal nüfuz, yüksələn etimad - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük"

"Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: "Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır".

Göründüyü kimi, mühüm əhəmiyyət kəsb edən beynəlxalq forumların, konfransların təşkili ölkəmizdə ənənə halını alıb. Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum da bu ənənənin davamıdır. 30 ölkədən 64 beyin mərkəzi nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev bir çox məsələlərə - Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub.

Xatırladaq ki, 2021-ci il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmişdilər və dövlət başçısı da bu təklifi müsbət qiymətləndirmişdi. Bir il sonra - 2022-ci il aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransa 23 ölkədən gəlmiş 40 iştirakçı qatılmışdı. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaratdı.

"BİZ BUNA LAYİQİK, BİZ APARDIĞIMIZ SİYASƏT NƏTİCƏSİNDƏ DÜNYA MİQYASINDA ÇOX GÜCLÜ MÖVQELƏRƏ SAHİB OLMUŞUQ"

Budur, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək haqqı qazanıb. Düzdür, ölkəmiz artıq beynəlxalq tədbirlərin, nüfuzlu sammitlərin, habelə ən həlledici siyasi və hərbi görüşlərin keçirildiyi etibarlı ünsiyyət və danışıqlar platforması kimi də ad çıxarıb.

Azərbaycan Prezident cənab İlham Əliyev aprelin 24- də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında mühüm məsələlərə toxunaraq ölkəmizin son dövrlər əldə etdiyi uğurlardan, perspektivdə görüləcək işlərdən, o cümlədən paytaxt Bakıda təşkil olunacaq COP29 konfransına hazırlıq prosesindən, Azərbaycana belə böyük etimadın göstərilməsindən danışıb. Dövlət başçımız xüsusi vurğulayıb ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir: "Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir".

Eyni zamanda, qazanılan uğurlarından danışan Prezident İlham Əliyev deyib ki, son dövrlərdə ölkəmiz üçün heyranedici hadisələr baş verib. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atıb, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur. Qazaxın kəndləri geri qaytarılır, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verib.

Göründüyü kimi, qürurverici faktlardır ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar, həmçinin beynəlxalq idman yarışları keçirilib. Bunlar isə Azərbaycanı, o cümlədən paytaxt Bakımızı dünyanın diqqət mərkəzinə gətirib. İndi Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələri sırasında yer alır. Bəli, iki həftə keçirilən belə mötəbər tədbirə- COP29-a ev sahibliyi etmək hüququ qazanması etimad və etibarın təsdiqi olmaqla yanaşı, münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.

"COP29 ÇOX BÖYÜK MƏSULİYYƏTDİR. BURADA SÖHBƏT TƏKCƏ TƏŞKİLATİ MƏSƏLƏLƏRDƏN DEYİL, NƏTİCƏLƏRİN ƏLDƏ EDİLMƏSİNDƏN DƏ GEDİR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksəksəviyyəli Seqmentində çıxışında da bir daha hazırlıq işləri ilə bağlı bildirib ki, COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir. Dövlətimizin başçısı, həmçinin onu da vurğulayıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Çünki tədbir keçirildiyi iki həftə ərzində Azərbaycan paytaxtına 70-80 min xarici qonaq gələcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri qəbul edib: "Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var".

Dövlətimizin başçısı deyib: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

"Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq",-deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".

Bir məsələyə də ciddi şəkildə diqqət yetirək. Ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının ciddi diplomatik uğurdur.

Bəli, 2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Azərbaycan etimad və etibar ölkəsidir!

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq». Və bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər