Azərbaycan dövləti ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra yeni reallıqlar formalaşdırdı. Bu gün bu reallığı dəyişəcək güc mövcud deyil. Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sırada dayanmaqdadır. Ölkəmizin hazırkı mövqeyi həm tarixi qələbəmizi və ümumilikdə bütün milli maraqlarımızı inamla qorumağa imkan verir. Fransa başda olmaqla kollektiv Qərb Cənubi Qafqazda yenidən gərginlik elementlərini yaratmağa çalışırlar. Çünki onların regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili artıq mövcud deyil. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində dövlətimiz bütün zəruri addımları tam zamanında atmaqla həm siyasi, həm də hərbi qələbəmizi təmin etdi. Müxtəlif platformalar çərçivəsində ölkəmizə qarşı qəzərli siyasi mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğradı. Biz öz ərazilərimizdə antiterror tədbirlərini gördükdən cəmi iki ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Bunun özü də Azərbaycanın ədalətli mövqeyinin təntənəsi kimi qiymətləndirilə bilər. Həm də Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə olan böyük inam və etimadın göstəricisi idi. Ona görə də Ermənistan üzərindən regiona qarşı qurulan bütün təhlükəli spekulyasiyaların qarşısını yenə də Azərbaycan Prezidentinin strateji baxışları və preventiv addımları almaqdadır.Fransa Azərbaycana qarşı qərəzli mövqe tutmaqla ən böyük zərbəni özünə vurmaqdadır. Bu mənada, Azərbaycanın itirəcəyi heç nə yoxdur. Azərbaycan artıq öz tarixinin yeni mərhələsində dünya miqyasında daha təsirli, nəzərəçarpan rol oynamaqdadır.
Rəssam Azadə
YAP Qobustan rayon təşkilatının sədr müavini