Xəbər verdiyimiz kimi, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 110 ölkədən 700-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə iştirak edib və bu mövzuda çıxış edib.
Prezident: “Multikulturalizm məhz bizim həyat tərzimizdir”
Dövlət başçısı qeyd edib ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub: “Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz, əslində, bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, bu mədəni dialoqu, mədəni müxtəlifliyi gücləndirməliyik və əlbəttə ki, bütün bunlar bir çox əsrlərdən gələn nemətdir. Ona görə də biz mütləq məhz bu təşəbbüsü irəli sürməli, “Bakı Prosesi”ni başlamalı idik və bildiyiniz kimi, 3 ildən sonra “Bakı Prosesi” rəsmən təsdiqləndi. Daha sonra isə biz Mədəniyyətlərarası Dialoq Forumuna başladıq. Əsas səbəblərdən biri Azərbaycan cəmiyyətində məhz sülhün, sabitliyin, həmrəyliyin mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olmasıdır. Əlbəttə ki, Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Biz multikulturalizm haqqında söhbət açanda nəzərdə tuturuq ki, bu, Azərbaycan vətəndaşları üçün nə isə bir abstrakt məfhum deyil, nə isə bir şeyi öyrənmək kimi deyil, bu, məhz bizim həyat tərzimizdir və biz bundan fərəhlənirik. Biz, həmçinin fərəhlənirik ki, bu dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik və çox keşməkeşli vaxtlarda - toqquşmalar, münaqişələr, müharibələr vaxtında qoruyub saxlaya bilmişik. Əslində, bütün bu hadisələr bizim sərhədlərimizə çox yaxın bir məsafədə baş verir və həmçinin əvvəllər bir neçə il ərzində Azərbaycan daxilində də olub. Bu, elə bir məsələdir ki, biz onları dostlarımızla bölüşmək istərdik. Həmçinin öz əminliyimizi nümayiş etdiririk ki, biz bu yolda addımlarımızı davam edəcəyik. Əminəm ki, bununla hər bir ölkə uğur qazana bilər. Çünki əgər siz birincisi, bu məsələləri daxilən nəzərdən keçirsəniz, elə bir mühit yaranar ki, bütün etnik qrupların, dinlərin nümayəndələri özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss edərlər və onlara münasibət ədalətli olar. Əgər belə olmasa, bu, yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına aparıb çıxarar və sonda bu, sosial və bir çox hallarda siyasi çətinliklərlə nəticələnər”.
Bəli, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün dünyada çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycan bəşər sivilizasiyasının ən yüksək dəyərlərinin vahid ideologiyada cəmləşdiyi məkan kimi tanınır. Belə zəngin fərqliliyə malik cəmiyyət arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi bizim tarixi ənənəmizdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün hər cür şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün multikultural cəmiyyətin əyani nümunəsinə çevirib.
Multikulturalizm xalqları ayırmır, əksinə, birləşdirir
Tarixdən məlum olduğu kimi, ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Odlar Yurdunda çoxsaylı etnik qrupların, dini konfessiyaların nümayəndələri mehriban qonşuluq şəraitində öz milli kultural ənənələrini saxlamaqla, qaynayıb-qarışmış ortaq dəyərlər əsasında yaşayırlar. Dini, milli, sosial azadlıqlar, tolerant mühitin təmin edilməsi milli-mənəvi dəyərlərin qorunması kontekstində vətəndaş cəmiyyəti üçün lazım olan bütün vacib normalar ölkəmizdə mövcuddur.
Son illərdə dünyada baş verən proseslər mədəniyyətlərin birgəyaşayışı və inkişafının nə qədər mühüm olduğunu ortaya qoyub. Bəşəriyyət üçün belə bir nümunələrdən biri də Azərbaycandır.
Multikulturalizmin ən yaxşı modeli olan Azərbaycanın tarixi ənənələri ilə yanaşı, davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılıb. Azərbaycanın siyasi, iqtisadi inkişafı ilə yanaşı, mədəni inkişafı, fərqli din mənsublarının burada azad şəkildə yaşaması, onların seçiminə və hüquqlarına hörmətlə yanaşılması dövlətin siyasətinin əsas müddəalarıdır.
Azərbaycan bu dəyərlər sistemi- yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə uzun illərdir bəşəriyyətə nümunə göstərməkdədir. Ölkəmizin milli mədəniyyətinə uğurla inteqrasiya edən müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər.
Çoxmillətli respublika olan Azərbaycanın milli siyasətində bütün etnik qrupların mədəni dəyərlərinin qorunması üçün hər cür şəraitin təmin edilməsi daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyev də multikultural dəyərləri bütün xalqları birləşdirən faktor kimi qiymətləndirib: "Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir".
Azərbaycan: dövlət-cəmiyyət münasibətlərinin uğurlu həll modeli
Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfensiyaların, təriqətlərin, institutların cəmiyyətin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini aktual saxlayır.
Müasir dünyaya nəzər yetirsək, milli və mənəvi dəyərlərin qarşılıqlı inteqrasiyası əvəzinə, onların süni yaradılmış qarşıdurması çoxlu problemlər yaradıb. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının, etnik toqquşmaların, faşizm meyllərinin şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, etnik qarşıdurma və terror aktları, müxtəlif etnik qrupların və fərqli din mənsublarının birgə yaşadığı ölkələrdə bəzi Qərb dairələri tərəfindən qızışdırılan vətəndaş müharibələri davamlı xarakter alıb.
Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda ümummilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub.
Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük əhəmiyyət verəcəyini bir konsepsiya kimi qarşıya qoymuşdu: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”. Bu kiçik fraza dövlətimizin din siyasətini tam şəkildə özündə ehtiva edir.
Xalqımız da qədimdən gələn ənənələrini yaşatmaqla ölkədə ictimai-siyasi sabitliyin qorunmasında, cəmiyyətin bütün icmalarının sülh və mehribanlıq şəraitində yaşaması istiqamətində dövlətin siyasətinə dəstək verir.
Beləliklə, dünyadakı vəziyyəti nəzərdən keçirdikdə aydın olur ki, ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.
Monoetnik və monokultural cəmiyyətlərin problemləri
Milli və dini tolerantlıq mədəniyyətlərin problemsiz dialoqunun zəruri alətidir. Hazırda Avropa və bəzi Qərb dövlətləri milli və dini müxtəlifliyi idarə etməyin kifayət qədər mürəkkəb kulturoloji vəzifə olmasını anlayaraq ondan imtina ediblər. Halbuki, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Monoetnik və monokultural cəmiyyətlərin, dövlətlərin bəzilərində bəşəri dəyərlərə zidd fikirlər formalaşır və qonşularla münasibətlər məhz bu prizmadan baxılır. Bir sözlə bu naqislik dövlət siyasətinə sirayət edir.
Buna ən pis numunə kimi faşizm meyillərinin gücləndiyi, bütün digər xalqların ölkədən qovulduğu Ermənistanı göstərmək olar. Əhalinin 99 faizdən çoxu ermənilərdən ibarət olan, heç bir digər etnik, dini, mədəni icmanın mövcud olmadığı Ermənistan həm daxili, həm də xarici siyasətində neo-faşizm ideologiyasına əsaslanır. Qonşuların torpaqlarını zor gücünə ələ keçirmək, işğal etdiyi ərazilərdəki yerli xalqları soyqırımlarla məhv etmək, hər cür terror aktları təşkil etməklə dünyaya multikulturalizmin və tolerantlığın olmadığı, nasizmin ölkənin nəyə çevriləcəyini bir daha əyani göstərdi (hərçənd, dünya bunu ötən əsrin 30-40-cı illərində faşist Almaniyasının timsalında görmüşdü). Bu, siyasi ədəbiyyatda artıq ermənizm xəstəliyi kimi qəbul olunub və xəstə millətçiliyə, qonşularla düşmənçiliyə, təcavüzkarlığa, terrora əsaslanır.
Cəbhənin əks tərəfində isə öz numunəvi dövlət və cəmiyyət modeli ilə tamam fərqli ölkə var. Azərbaycan dövləti hər zaman etnik, dini, sosial, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün icmaların milli-mənəvi dəyərlərinə böyük hörmət göstərib və ölkəmizin dünyada nümunəvi cəmiyyət imicini qazanmasında əsas rol oynayıb. Burda əsas məqam ondan ibarətdir ki, qloballaşma və inteqrasiya şəraitində milli-mədəni dəyərlərin qorunması, bəşəri dəyərlərin inkar edilməməsi şəraitində yaşayır və hətta bu dəyərlər bir arada daha yaxşı nəticə verir.
Qərbədir ki, məhz bu dəyərləri müdafiə etdiyini sözdə deyən Qərb ölkələri əməldə tam olaraq bunun əksini həyata keçirən dövləti müdafiə edirlər. Burada paradoksun səbəbini onların liderlərindən soruşmaq maraqlı olardı.
Azərbaycan dünyaya bəşəri cəmiyyət modeli təqdim edir
Hazırda qloballaşma və inteqrasiya adı altında bəzi qlobal dairələr əslində assimilyasiya siyasəti yeritməyə cəhd edirlər. Onların sözdə dediyi dəyərlərə, əməldə Azərbaycan sahibdir. Nəticə olaraq deyə bilərik ki, əgər bizim bəzi ölkələrdən öyrənəcəyimiz nələrsə varsa, onların da bizdən öyrənəcəyi nələrsə var. Həqiqi inteqrasiya budur.
Qloballama isə yalnız bütün cəmiyyətlər tərəfindən qəbul edilən bəşəri dəyərlər üzərində qurulmalıdır, hansısa cəmiyyətin öz dəyərlərini bütün dünyaya qəbul etdirilməsi üzərində yox. Dünyanın gözəlliyi zənginlikdə, fərqlilikdədir. Bütün insanların eyni mədəni, dini, siyasi görünüşə malik olması anormallıq olardı- bu artıq insan cəmiyyəti deyil, robot cəmiyyətidir.
Bəli, Azərbaycan öz qədim tarixi ənənələri, möhtəşəm mədəni zənginliyi, etnik və dini icmaların vahid ideologiyada qovuşduğu zəmin üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan bir Azərbaycan modeli təqdim edir. Azərbaycan bu gün dünyaya belə numunəni göstərə bilən cəmi bir neçə ölkədən biridir. Dünyanın bizdən öyrənəcəyi çox şey var.
Dünyada davam edən etnik və dini münaqişələrin fonunda qədim Odlar Yurdu bütün etnik və dini qrupların eyni hüquqlara malik olduğu, dinc yanaşı yaşadığı bir multikultural tolerantlıq adasıdır. Dünyaya bu sahədə əyani nümunə olan əlvan ada...
Elçin Bayramlı