PDF Oxu

Siyasət

  • 1 585

Azərbaycan-Almaniya əlaqələri sürətli inkişaf mərhələsində -ŞƏRH

Azərbaycan-Almaniya əlaqələri sürətli inkişaf mərhələsində -ŞƏRH

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın xarici siyasət konsepsiyası bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Ölkəmizin siyasi rəhbərliyinin yeritdiyi elmi əsaslandırılmış və uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesi durmadan sürətlənir, ölkəmizin beynəlxalq nüfuzu artır, inkişaf etmiş Avropa ölkələri ilə çoxtərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsinə xüsusi önəm verilir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sisteminə öz yerini tutmaq üçün dünya siyasətinin formalaşmasında aparıcı yer alan dövlətlərlə qarşılıqlı münasibətlər qurmağa başlamışdır. 1993-cü ilin sonlarından başlayaraq Prezident Heydər Əliyev dövründə və 2003-cü ildən günümüzə kimi Prezident İlham Əliyev dönəmində Azərbaycan tarazlıq siyasəti həyata keçirməkdədir. Bu siyasətə əsasən Şərq və Qərbin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsi və əməkdaşlıq prinsipi ilə qarşılıqlı əlaqələrin qurulması Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biridir.

Bu qarşılıqlı əlaqələrdən biri məhz Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyaya rəsmi səfəri zamanı baş tutmuşdur. Səfər zamanı ölkə Prezidenti İlham Əliyev Almaniyanın prezidenti, kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub.Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.

Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında ən yüksək səviyyədə baş tutan qarşılıqlı səfərlər, eləcə də Azərbaycanın biznes imkanlarının və “Made in Azerbaijan” brendinin təşviq olunması məqsədilə Almaniyada keçirilən biznes forumlar ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir və ikitərəfli iqtisadi münasibətləri yeni mərhələyə qaldırır.

Beləliklə, müstəqil Azərbaycan dövlətinin müasir dövrün reallığını düzgün qiymətləndirən və əks etdirən, düşünülmüş və məqsədyönlü xarici siyasəti ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqincə təmsil olunmasını təmin edir. Bu siyasətin dönmədən həyata keçirilməsi, yuxarıda qeyd olunan bütün istiqamətlərdə gələcəkdə daha böyük uğurlar əldə ediləcəyinə etibarlı təminat yaradır.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər