Siyasət

  • 821

Ədalətli, dürüst mövqe nümayiş etdiririk

image

Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Artıq bir neçə ildir ki ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Rəsmi Bakı Qarabağda işğala son qoyduqdan sonra müstəmləkəçilik siyasəti ilə bağlı prinsipial mövqe ortaya qoyub, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz bəhrəsini verməkdədir.

Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halları qınayır, bunu yolverilməz hesab edir.
Bir neçə gün əvvəl Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu qəbildəndir. Azərbaycan Prezidenti orada çox ciddi bəşəri əhəmiyyət daşıyan, insanlıq üçün vacib məna kəsb edən məqamlara toxundu. Onlardan da biri dünyanın böyük bir coğrafiyasını əhatə edən, əsrlər boyu Fransa kimi müstəmləkəçilik siyasəti yürüdən dövətlərin əsarəti altında əziyyyət çəkən xalqların harayını, səsini diqqətə çatdırmaqla bağlı idi. Prezident İlham Əliyev açıq şəkildə dünyanın diqqətinə çatdırdı ki, yaşadığımız XXI əsrdə hələ də Fransa 10-dan artıq okean ölkəsinə qarşı müstəmləkəçilik siyasətini davam etdirir. Bu, neokolonializmin kulminasiya nöqtəsidir, bu, Fransanın özünün müstəmləkəçilik siyasətindən əl çəkə bilməməsinin təzahürüdür. “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”, - deyə ölkə başçısı bəyan edib. Prezident bildirib: “Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Özünü "demokratiyanın beşiyi" adlandıran rəsmi Parisin müstəmləkəçilik siyasətinin tarixi hələ XVII əsrə gedib çıxır. Fransa həmin dövrdə neokolonializmi o qədər genişləndirib ki, onun kölə qismində ələ keçirdiyi insanların sayı 2 milyon nəfərə çatıb. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxunda məhz Fransanın əli var və Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasındakı ölkələri işğal edib, hətta onların bütün sərvətlərini talayıb, xalqlarını uzun illər əsarətdə saxlayıb. Bütün bunlar kifayət deyilmiş kimi, Fransa tərəfindən sözügedən ərazilərdə bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədilib. Həmçinin fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Əsrlər keçsə də müstəmləkəçilik siyasətinə son qoymayan Fransanın kolonializmin utancverici yeni metodları bu gün də özünü büruzə verir. Rəsmi Paris bu gün Avropadan kənarda, Sakit və Atlantik okeanların dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, onun reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Bu baxımdan, neokolonializmlə mübarizə hazırda bəşəri problemlərdən biri hesab olunur.
Azərbaycan isə bu məsələdə prinsipial olduğu qədər, həm də ədalətli, dürüst mövqe nümayiş etdirir. Dünyanın müxtəlif yerlərində baş verən toqquşmalar, münaqişələr və müharibələrə rəğmən, Azərbaycan sülhü, həmrəyliyi təşviq edir, eyni zamanda regionda bəzi güclərin yeni qarşıdurma yaratmaq cəhdlərinə imkan verməyərək, bölgəyə sülhün gəlməsi üçün səylə çalışır. Mədəniyyətlərarası Forum bu baxımdan dünyaya düzgün mesajlar çatdırmaqla, sülhə, sabitliyə öz töhfələrini verir.

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri

Digər xəbərlər