Siyasət

  • 807

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”

image

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı, Şəmkir Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda tədbir keçirib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində böhran həddində olan ölkəmiz dahi şəxsiyyətin fədakar əməyi, böyük zəhməti sayəsində tərəqqiyə doğru inamlı addımlayıb: “Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Təsadüfi deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Ulu Öndər xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə yönəlib.”
Şəmkir rayon Regional Mədəniyyət idarəsi ərazi partiya təşkilatının sədri Cavanşir Pirverdiyev Azərbaycanın uğurlu inkişafının Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyini bildirib: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutdu, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam edir.”
Sonra çıxış edən partiya fəallarından Sahibə Əmiraslanova, Rəfiqə Mürsəlova, Sənan Hüseynov Ulu Öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən və hazırda Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafından bəhs ediblər.
Sonra fəal partiya üzvlərinə YAP Şəmkir rayon təşkilatının fəxri fərmanı təqdim olunub.

Digər xəbərlər