Siyasət

  • 503

Heydər Əliyev müasir və müstəqil Azərbaycanın qurucusudur - ŞƏRH

image

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsusən ali keyfiyyətlərə malik idi. Heydər Əliyev qalibiyyət əzm ilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından bəhrələndiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri - müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Heydər Əliyev müstəqillik dövrünün dövləti ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam və hörmət hissi gücləndi. Vurğulamaq lazımdır ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Göründüyü kimi, bu konseptual fikirdə də həm ana dili həm də bədii ədəbiyyat milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyərləndirilir. Çünki Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli istiqlal nəzəriyyəsi idi. Bu ideologiyanın formalaşmasında mədəniyyətin roluna da ilk növbədə məhz istiqlalçılıq kontekstində nəzər salırdı. Belə hesab edirik ki, mədəniyyət və ideologiya eyni məqsəddə — gələcəyi formalaşdırmaq kimi tarixi bir məqamda birləşir. Əgər təhsil ideologiyanın təbliğ funksiyasını ifadə edirsə, mədəniyyət təlqin vəzifəsini öz üzərinə götürür. Mədəniyyətin başlıca vəzifəsi xalqda vətənə xalqı tərbiyə etməkdir. Azərbaycan kimi polietnik cəmiyyət üçün bu, xüsusilə vacibdir.

Ulu öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərəkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi. O, mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi Heydər Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi.

Azərbaycan tarixinə dərin iz salan lider şəxsiyyət Heydər Əliyev fenomenal yaddaşa, parlaq nitq qabiliyyətinə, dərin zəkaya malik bir şəxsiyyət idi. O, hansı sahədən danışırsa danışsın, həmin sahəni qaldırır, əhəmiyyətini yüksəldir, onun tarixi dəyərini güclü məntiqlə əsaslandırırdı. O, neftdən danışanda deyirdi ki, Azərbaycanın tarixi taleyi üçün neftdən önəmli bir şey yoxdur, tarixdən elə danışırdı ki, bu fikri tarix haqqında söyləməli olurdun. Mədəniyyətlə bağlı ulu öndərin fikirlərini oxuyanda da belə nəticəyə gəlirsən ki, onun azərbaycançılıq təlimi, dövlət ideologiyası və siyasəti üçün mədəniyyətdən vacib amil yoxdur. Bu, hər şeydən əvvəl onun mədəniyyətə, ədəbiyyata, dilə, xalqın mənəvi varlığını əks etdirən sənətə məhəbbətindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi.

Ümumiyyətlə, ulu öndər dinin tarixdə və cəmiyyətdəki mənəvi- saflaşdırıcı roluna, insanlarda inam, iman və əqidə formalaşdırmaq imkanlarına xüsusi diqqət yetirir, dəyişməz ehkamlar sistemi olan dini ideologiyadakı yerini həssaslıqla təyin edir. Heydər Əliyevin tarixi şəxsiyyət kimi möhtəşəmliyi bunda idi ki, o, təkcə müstəqil Azərbaycan dövlətini deyil, həm də real tarixin özünü idarə etməli oldu. Tarixi hərəkətə gətirmək, onu idarə etməklə o, tarixdə şəxsiyyətin həlledici rol oynadığını, marksist fəlsəfənin iddia etdiyi kimi, tarixi kütlələrin deyil, liderlərin yaratdığını öz fəaliyyəti ilə əyaniləşdirməyə nail oldu. Onun azərbaycançılıq nəzəriyyəsi nadir tarixi şəxsiyyətlərə məxsus belə bir imkana istinad edir. İdeologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın rolunu təyin edən, ona tarixi bəraət qazandıran ən parlaq və obyektiv ideyaların sistemi və məntiqi məcmusudur. Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır.

Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onuniçində - daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi. Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsbiq edir.

Heydər Əliyevin yeni tarixi dövrdə - 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir.

Bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı cənab İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən tapdağında olan doğma Qarabağımız işğaldan azad etdi. Cari ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Nəticə etibarı ilə, Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı haqq səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər