Siyasət

  • 781

Haqq-ədalətin bərpa olunduğu tarixi gün TƏHLİL

image

Qazanılan qələbələr Azərbaycan xalqının dünyada böyük xalq olduğunu bir daha təsdiqlədi

Tarixin müxtəlif dövrlərində ermənilər xarici himayədarlarının hərbi, siyasi dəstəyinə arxalanaraq azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər, qətliamlar törədiblər. Nəticədə iki əsr ərzində iki milyondan çox azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. On minlərlə azərbaycanlı qətlimlar zamanı sağlamlığından olub, ev-eşiyindən məhrum edilib. Demək olar ki, Azərbaycanın bütün kənd və qəsəbələrində erməni vəhşiliyinin, vandalizm aktlarının izləri var. Quab məzarlığının, Şamaxıda, Ağdamda, Gəncədə və digər ərazilərdə aşkarlanan məzarlıqlar erməni vəhşilyinin amansızlığının nümunələridir. Ermənilər hər zaman yaranan boşluqdan istifadə edərək Azərbaycana qarşı qəsbkar siyasət həyata keçirib. 1991-1993-cü illərdə Azərbaycanda baş verən siyasi böhrandan ermənilərin istifadə edərək vəhşi siyasətlərini həyata keçirmələrini misal olaraq göstərmək olar. Erməni terrorçu birləşmələri 1991-1993-cü illərdə Azərbaycanda yaranan hakimiyyət böhranından, AXC-Müsavat iqtidarının səriştəsizliyindən istifadə edərək 20 faiz torpaqlarımızı işğal edib, 1 milyona yaxın insanı ev-eşiyindən didərgin salmışdır. 26 il atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd qətnamə qəbul etsə də, Ermənistan bu qərarlara əhəmiyyət verməyib. Bununla yanaşı, AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh danışıqları da nəticəsiz qaldı. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində torpaqlarımız Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad edildi. 44 günlük müharibə ilə Ermənistanın 30 ilə yaxındır ki, qurduğu mühəndis-istehkam qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Dəyəri 4 milyard ABŞ dolları olan hərbi texnikası qənimət olaraq götürüldü. Bu, böyük qələbəmizdir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".Qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Fəxr edirik ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi.

“Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”

Birmənalı şəkildə o fikiri vurğulamaq lazımdır ki, qələbələrimizin təməli sentyabrın 27-də qoyulsa da, 8 noyabr 2020-ci il Qarabağımızın incisi Şuşanın işğaldan azad edilməsi ilə Qarabağa qovuşduğumuz tarixdir. Bu böyük tarixi günlə Qarabağ münaqişəsinə nida qoyuldu və Ermənistan rüsvayçı məğlubiyyətini qəbul edib, təslimçilik aktını imzaladı. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi”. Haqqımız olan qələbə təntələni şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın 10-da dostları sevindirb, düşmənləri xar edən Qələbə Paradı keçirildi. Qürurverici məqamlardan biri də ondan ibarət idi ki, müharibənin ilk günündən ürəyi, qəlbi Qarabağla döyünən qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğan Qələbə Pardında da Azərbaycanla birlikdə oldu. “Tarix təkrar olunur”-deyiblər. 100 il bundan əvvəl Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Milli Ordusu ilə birlikdə Bakını erməni daşnaklarından azad etmişdir. Uğurlu hərbi əməliyyatlarla Azərbaycanın bütün bölgələri erməni terrorçularından təmizlənmişdir. Bu gün də, ulularının qardaşlıq dəstəyini əsirgəməyən Türkiyə qardaşlarımız başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla erməni vandallarının Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağdan təmizlənməsində Azərbaycana mənəvi, siyasi dəstəyini əsirgəmədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında çıxışı zamanı bildirdi ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: “İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək. Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman Ulu Öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik”.

Qələbələrimiz və uğurlarız isə hələ qabaqdadır

Qələbə Paradında Türkiyə Ordusunun mehmeçikləri sıra keçidində qürurla və əzmlə keçdilər. Bu məqamda Türkiyə qardaşlarımızın bizə olan hədsiz rəğbətinin daha bir nümunəsi ondan ibarət idi ki, Qarabağda şəhid olan 2783 şəhidimiz sayında mehmetçik sıra keçidində iştirak etdilər. Əhsən belə qardaşlığa, var olsun belə birlik. Söz yox ki, qələbə paradımızın yolu uğurlu və xeyirli olacaq. Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Böyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlər də ümidləri artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Pardında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: “Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiteror əməliyyatları ilə Qarabağdakı bütün sepratçılar məhv edildi, əsas icraçılar isə həbs olunaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verildilər. Yaxın vaxtlarda isə onların məhkəməsi keçiriləcək və layiq olduqları cəzalarını alacaqlar. Antiterror əməliyyatları ilə Azərbaycan tam şəkildə öz suverenliyini bərpa etdi. Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə və digər ərazilərdə üçrəngli bayrağımızın dalğalandırılmasını təmin etməklə bəşəriyyətə bu yerlərin əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi olduğunu nümayiş etdirdi. Artıq işğaldan azad edilən ərazilərimzdə geniş quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir. İnsanlar davamlı olaraq bərpa olunan evlərinə qayıdırlar. Qələbələrimiz və uğurlarımız isə hələ qabaqdadır. Yaxın günlərdə üçrəngli bayrağımızın dalğalandığı Xankəndinə, Xocalıya, Xocavəndə, Əsgərana, Şuşaya və digər işğaldan azad edilən ərazilərə insanlarımız qayıdacaq və o tarixi yerlərimiz yenidən normal axarına düşəcək. Bütün bu kimi möhtəşəm uğurlarımıza görə təbii ki, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətə borcluyuq. Həm də minnatdarıq ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini Prezidentimiz İlham Əliyev uğurla davam etdirməklə ölkəmizə və xalqımıza əksər dünya xalqlarının həsəd apardığı zəfərlər qazandırdı.

İLHAM ƏLİYEV

Digər xəbərlər