Siyasət

  • 703

Azərbaycan beynəlxalq aləmdə yüksək inam bəslənilən dövlətə çevrilib TƏHLİL

image

Azərbaycan dünyanın əksər ölkələri tərəfindən etibarlı tərəfdaş, yüksək inam bəslənilən dövləti olaraq tanınır və qəbul edilir. Bunun da səbəbi ölkə başçısı Cənab İlham Əliyevin düşünülmüş, müdrik siyasət aparmasıdır. Ölkəmiz dünyanın aparıcı dövlətlərindən biri olaraq bir sıra beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinə malikdir. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, GUAM-ın üzvüdür. Eyni zamanda, Azərbaycan NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq edir. Azərbaycan dövlətinin ciddi, əsaslı siyasəti, ölkədaxili iqtisadi inkişafı ilə bu nüfuzlu təşkilatlarında ən etibarlı, yüksək inam bəslənilən dövlət imici qazanıb. Bu da dünyanın demokratik, aparıcı dövlətləri ilə yeni əməkdaşlıq münasibətləri yaradıb. 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələrin verilməsi ilə yadda qalmışdır. Beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan, Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm töhfələr verən qlobal əhəmiyyətli tədbirlər keçirilib.

Beynəlxalq aləm Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etdi

Koronavirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Sədrliyi ilə Qoşulmama Hərəkatının videokonfrans formatında toplantısı keçirilib. Eyni zamanda, dünya ölkələrinin pandemiya ilə mübarizədə fəaliyyətlərinin artırılması məqsədi ilə bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransı keçirilib. Ümumiyyətlə, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində dünyada ən fəal və sərt qabaqlayıcı tədbirlər görən dövlətlərdəndir. Pandemiyaya qarşı ölkədaxili tədbirlərlə yanaşı, Azərbaycan dövləti dünyanın 30-a yaxın dövlətinə maliyyə yardımları göstərib. Ümumdünya Səhiyyə Təşkilatına isə Azərbaycan dövləti 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərib. Məhz bu kimi xeyirxah və humanist addımlarına görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubları ünvanlayıb. Bütün bunlar ölkəmizə çox mühüm diplomatik uğurlar gətirməklə yanaşı, beynəlxalq müstəvidə nüfuzunun və müsbət yöndə imicinin artmasına xüsusi imkanlar yaradır. Təbii ki, səbəbsiz deyil ki, Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən erməni terrorçularına qarşı Qarabağda uğurlu hərbi əməliyyatlar apardığı zaman İslam Konfransı Təşkilatının, Qoşulmama Hərəkatının, Türk Şurasının, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin irəli sürdükləri separatçı layihəyə qeyri-daimi üzvlərin sərt münasibət bildirmələri və ayrı-ayrı ölkələrin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etmələri ölkəmizin dünyada böyük nüfuza malik olması ilə bağlıdır. Dövlətimizin uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsidir. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri, strateji müttəfiqliyi, beynəlxalq təşkilatlarda, diaspor fəaliyyətlərində eyni maraqlardan çıxış edilmələri dünya xalqları və dövlətləri üçün həsəd aparılan, paxıllıq hissi yaradan məsələyə çevrilib. Sentyabrın 27-dən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün aparılan uğurlu təmizləmə əməliyyatlarında Türkiyə hakimiyyəti və xalqı Azərbaycan dövlətinə, ordusuna ən yüksək səviyyədə mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Bununla yanaşı, Ermənistan üzərində parlaq qələbə münasibəti ilə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Qələbə Paradında Türkiyənin hökumət və dövlət rəhbərləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Türkiyə Silahlı Qüvvələrinin mehmetciklərinin Qələbə Paradında sıra keçidində iştirak etmələri bütün türk dünyasına qürurverici anlar yaşatdı. Bu nümunəvi dəstək Ulu Öndər Heydər Əliyevin Türkiyə - Azərbaycan qardaşlığı barədə dediyi "bir millət iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədərimizdir" tarixi fikirlərinin ruhuna tam uyğundur. Məhz buna görə də, türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutması uğrunda müasir dövrün türk liderləri olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük xidmət göstərməkdədirlər. Hər iki ölkənin liderləri təkcə Türk Şurasının Zirvə Görüşlərində, Türk PA-da TÜRKSOY-da deyil, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli addımlar atır, qərarlar verirlər. İki dost, qardaş ölkə arasında iqtisadi-ticarət əlaqələri də hər il artmaqdadır.

Azərbaycan beynəlxalq təşkilatlarla geniş əməkdaşlıq əlaqələrinə malikdir

Mövcud faktlara istinadən demək olar ki, bu gün türkdilli dövlətlər arasında Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard dollar təşkil edir. Azərbaycan dövləti BMT-nin UNESKO, UNİCEF və digər xüsusiləşdirilmiş təşkilatları ilə genişmiqyaslı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr çərçivəsində Azərbaycan-BMT birgə layihələri icra edilib və bu layihələrin həyata keçirilməsi demokratik institutlarının inkişafına mühüm töhfələr verib. Azərbaycan ATƏT-lə də geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr daha çox seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xətti ilə həyata keçirilən layihələr və digər məsələləridir. Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlığı da yüksək səviyyədə, hər iki tərəfin maraqlarına uyğun həyata keçirilir. Təəssüflər olsun ki, AŞPA-dakı bəzi ölkələrin qaranlıq dairələrinin qərəzli mövqeyi səbəbindən Azərbaycan bu qurumdakı fəaliyyətini qısa müddətə dayandırıb. Lakin digər haqsız yanaşmalar və mövqelər kimi ölkəmizə qarşı olan bu qərəzli münasibətdə aradan qaldırılacaq. Nəzərə almaq lazımdır ki, 2024-cü il yanvarına qədər dəfələrlə AŞPA-nın Azərbaycanda toplantıları keçirilib və toplantılarda Avropa ailəsi üçün önəmli olan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Azərbaycan hərbi təşkilat olan NATO ilə əlaqələri də arzuolunan səviyyədədir. Ölkəmizin bu qurumun "Sülh naminə Tərəfdaşlıq" proqramına qoşulması ilə, Avro-Atlantika Tərəfdaşlıq Şurasında mühüm mövqeyə malik olub. Ölkəmizin dünyada baş verən bütün siyasi - ictimai proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə münasibətlər, əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Bu mötəbər qurumla Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycanın xüsusi önəm verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyevin qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”. Birmənalı şəkildə demək olar ki, Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Bunu qurumun rəhbərləri də çıxışlarında vurğulayıblar və Azərbaycanın Avropanın enerji təchizatında önəmli rol oynadığını qeyd ediblər. Uzunluğu 3500 kilometr olan "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması ilə Xəzər regionundan qaz təchizatının Avropa bazarlarına birləşdirməsinə nail olunur. Eyni zamanda, Azərbaycan qurumun 23 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, 14 üzv ölkə ilə isə Hökumətlərarası Komissiyanın yaradılması haqqında saziş imzalanıb. Bütün bu kimi uğurlar, Azərbaycanın beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə iki və çoxtərəfli əməkdaşlıq müqavilələri imzalaması Azərbaycanın güclü və hesablaşılan dövlət olduğunu bir daha təsdiqləmiş olur. Uğurlarımız və qələbələrimiz isə hələ öndədir. Çünki Ulu Öndərimizi Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti İlham Əliyevin çox böyük müdrikliklə həyata keçirdiyi siyasət Azərbaycan dövlətinə və xalqına xoşbəxt, firavan həyat və yaşayış vəd edir.

İLHAM ƏLİYEV

Digər xəbərlər