Siyasət

  • 2 108

Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında

image

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Bu gün bizlər əminliklə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Məhz öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qüdrətli şəxsiyyət kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. On illərlə bütün şüurlu həyatını Azərbaycanın var olmasına, inkişafına və çiçəklənməsinə həsr etmiş dahi dövlət xadiminin yalnız son dövr fəaliyyətindən, yəni 1993-cü ildən sonrakı xidmətlərindən daha çox bəhs edilir. Lakin qeyd etməliyik ki, Sovet dönəmində rəhbərlik etdiyi dövr ərzində Heydər Əliyev Azərbaycana tamamilə yeni nəzərlə baxmış və yeni bir Azərbaycan yaratmışdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə ən böyük xidmətlərindən biri olmuşdur. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Ulu Öndər Heydər Əliyev gələ bilmişdir.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Sovet İttifaqının liderlərindən biri olduğu dövrdə də müdrik siyasətçi respublikamızın inkişafı üçün öz qüvvə və bacarağını əsirgəmirdi. Məhz Ulu Öndərin Moskvada çalışması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin öz mənfur niyyətlərini gerçəkləşdirməsi yolunda ən böyük maneə olmuşdu. Lakin sonralar baş verən məlum hadisələr, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Məhz bundan sonra mərd, məğrur, əyilməz Heydər Əliyevin, eyni zamanda Azərbaycan xalqının ən ağır və sarsıntılı günləri başladı. Ulu Öndərin istefa edərək vəzifədən getməsinə düşmənlərimiz sevinsə də, Azərbaycan xalqının və eləcə də bütün türk dünyasının taleyini düşünənlər kədər içində idi. Sumqayıt hadisələri, soydaşlarımızın öz doğma torpaqları olan indiki Ermənistan ərazisindən deportasiyası, Dağlıq Qarabağda baş verən separatçılıq meylləri və nəhayət 1990-ci ilin 20 Yanvar qırğını bu siyasətin bariz nümunəsi idi. Heç bir təqib və təzyiqdən çəkinməyən, hər zaman xalqının yanında olan Ulu öndər haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq məqsədilə faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış etmiş və 20 Yanvar cinayətinin mahiyyətini, səbəblərini və bu faciəni törədən qüvvələrin niyyətlərini açıq şəkildə göstərmişdi. Məhz Moskvadakı bəyanatdan sonra Ulu Öndər artıq burada qala bilməzdi. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ilin 21 noyabrında özünün ən böyük şah əsəri olan Yeni Azərbaycan Partiyasını yaratmış və Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.

SSRİ-nin dağılmasından sonra 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimizi bərpa etsək də xalqımız üçün müstəqilliyin ilk illəri olduqca ağır və keşməkeşli keçmişdir. Şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimiz itirilmək təhlükəsi qarşısında qalmışdı. Ölkənin ağır günlərini yaşadığı bir zamanda xalqımız 1993-cü ilin iyun ayında mövcud hakimiyyətin dəyişməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Ulu Öndər Heydər Əliyevə etibar etmişdir. Xalqın təkidli tələbindən sonra 1993-cü ilin 9 iyununda Heydər Əliyev Bakıya gəlmiş və dövləti mövcud bəladan xilas etmək yolunda bir sıra görüşlər və məsləhətləşmələr aparmışdır. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış və iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir ki, həmin gün isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə əbədi olaraq yazılmışdır.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Ulu Öndər qısa vaxt ərzində öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Məhz intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin bu uzaqgörən və müdrik siyasəti onun layiqli davamçısı Möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın bütün sahələrdə əldə etdiyi misilsiz nailiyyətlər Ümummilli Lider Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin layiqli davamçısı Möhtərəm cənab Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür. Aparılmış müdrik siyasətin nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf və tərəqqi yolu keçərək regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi və milli suverenliyimizin tam bərpası ilə nəticələn antiterror əməliyyatları dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Böyük qürur hissi ilə qeyd edə bilərik ki, hazırda Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun qələbəsi nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilən bütün ərazilərimizdə dalğalanır.

Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük qürur və ruh yüksəkliyi ilə izləyir.

Ötən müddət ərzində Azərbaycan xalqı əldə edilmiş uğurların əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi ehtiramla yad etmiş və ona sonsuz təşəkkürünü ifadə etmişdir. Hazırda Ulu Öndərin irsinin təbliği ölkə siyasətində əsas prioritetlərdən biridir. Bu istiqamətdə 2004-cü ilin 10 may tarixində əsası qoyulmuş Heydər Əliyev Fondunun xidmətləri əvəzedilməzdir. Heydər Əliyev Fondu yarandığı gündən qarşısına xalqımızın milli mənəvi dəyərlərini qorumaq, Azərbaycan mədəniyyətinin geniş təbliğ etmək, həmçinin əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri reallaşdırmaq kimi məqsədlər qoymuşdur. Bundan əlavə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərmək Fondun fəaliyyətinin prioritetlərini təşkil etməkdədir.

2004-cü ilin may ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə fondun təntənəli açılış mərasimində çıxış edən Möhtərəm cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, “Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır”. Məhz cənab Prezidentin də vurğuladığı kimi aradan ötən müddət ərzində öz fəaliyyəti ilə Azərbaycanın ictimai həyatında oynadığı böyük rol, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına görə Heydər Əliyev Fondu ölkəmizdə analoqu olmayan quruma çevrildi.

20 il ərzində Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə saysız-hesabsız uğurlara nail olmuş, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə ciddi islahatların aparılmasına öz töhfəsini vermişdir. Heydər Əliyev Fonunun fəaliyyətə başlaması Azərbaycanda böyük ənənələri və tarixi olan xeyriyyəçilik məktəbinin yenidən dirçəlməsi və yaşadılması ilə müşahidə olundu. Mehriban xanımın rəhbərlik etdiyi Fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə diqqət yönəltmiş və bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir. Fond həmçinin irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fondun fəliyyətini yüksək qiymətləndirərək qeyd edib: “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.

Heydər Əliyev Fondu öz fəaliyyəti çərçivəsində 2020-ci ilin sentyabrında başlanan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində də fəal çalışaraq Qələbə üçün öz töhfəsini verdi. Həm daxili, həm beynəlxalq arenada Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizə, xalqımıza haqq işində dəstək qazanmaq üçün mümkün olan hər şeyi etdi. Fondun əməkdaşları erməni işğalından azad olunmuş bölgələrdə səfərdə olaraq burada həyata keçirilən quruculuq işlərinə mühüm töhfələr verməkdədirlər. Erməni vandalizmi nəticəsində dağıdılmış milli-mədəni abidələrimizin bərpasında Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir. Fondun prezidenti kimi Mehriban xanım Əliyeva Möhtərəm cənab Prezidenlə birgə mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edərək buradan çəkilişlər edib öz sosial şəbəkə səhifəsində yaymaqla əsgər və zabitlərimizə, könüllü döyüşçülərimizə və bu yerlərə qayıtmaq həsrəti ilə yaşayan insanlara dəstək nümayiş etdirir.

Bütün bunların fonunda əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyətə başladığı gündən etibarən ölkəmizin ictimai-mədəni həyatında müstəsna rol oynamaqdadır. Təməl prinsiplərində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondu ölkəmizin inkişafına mühüm töhfələrini verməklə xeyirxahlıq missiyasını, Azərbaycanın, onun mədəniyyətinin təbliğini uğurla həyata keçirir, Vətənə və xalqa ləyaqətlə xidmət edir. Təsadüfü deyildir ki, hazırda Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir.

Böyük qürur hissi ilə ifadə etmək istəyirik ki, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Möhtərəm cənab Prezident İlham Əliyevin əlindədir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük zirvələr fəth edəcəkdir.

Digər xəbərlər