Siyasət

  • 784

Ulu Öndər Heydər Əliyevin ideyaları bu gündə yaşayır

image

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildikdən bir neçə ay sonra tərəddüd etmədən həmin partiyanın üzvü oldum. Bu, mənim dünyanın siyasi lideri kimi tanıdığım, həmişə qürur mənbəyim və Azərbaycanın xilaskarı olan ulu öndər Heydər Əliyevə olan inamımdan irəli gəlirdi. Otuz il əvvəli xatırlatmağım əbəs deyil. Çünki həmin vaxt Azərbaycanda vəziyyət son dərəcə gərgin idi. Mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimiz məhv olmaq həddinə çatmışdı. Artıq respublikamızda qarşıdurma o səviyyədə idi ki, Azərbaycan nəinki parçalanmaq, hətta xəritədən silinmək həddinə çatmışdı.

Bir tərəfdən qondarma Talış-Muğan Respublikası, sadvalçılar, digər tərəfdən daxili qruplaşmalar və onları qızışdırıb meydana atmış anti-Azərbaycan qüvvələr respublikamızı müxtəlif hissələrə parçalayırdı. Həmin vaxt hakimiyyətdə olanların kölə vəziyyəti, xarici himayədarlarının göstərişlərini yerinə yetirmələri və hələ də sovet rejimindən ayrıla bilməmələri gündən-günə gərginləşən vəziyyəti daha da ağırlaşdırırdı. Bax, belə çətin məqamda xalqın inam, güvənc yeri müdrik şəxsiyyət Heydər Əliyev oldu. Çünki həmin vaxt insanları arxasınca apara biləcək yeganə lider məhz ulu öndər və onun yatardığı siyasi təşkilat idi.
Xalq ümummilli liderə ona görə inandırdı ki, o, sərt sovet rejimində Azərbaycanı ən geridə qalmış respublikalardan birincilər sırasına qaldırdı. Heydər Əliyevin respublikaya rəhbərliyindən sonra Azərbaycan ibəil sürətlə inkişaf edərək ittifaqın ən qabaqcıllarından birinə çevrildi. Kommunist Partiyasının tüğyan etdiyi həmin dövrdə həyatını riskə ataraq, Azərbaycan dilini dövlət dili kimi qəbul etdirən ulu öndər xalqın, millətin xilaskarı kimi qəti addım atdı.
Ulu öndər bütün çətinliklərə, təzyiqlərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Daha dəqiq desək, ana dilimizi özümüzə qaytardı. Məhz ümummilli liderimizin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, Vətəninə, xalqına olan sonsuz sevgisi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində sət sovet rejimindən başlayaraq, həyata keçirilən dil siyasəti ana dilimizin saflaşmasına, zənginləşməsinə, inkişafına zəmin yaratdı. Bu, müstəqilliyə gedən yolda Heydər Əliyev strategiyasının təntənəsi idi.
Ümummilli lider deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Sonrakı illərdə də ulu öndərin qətiyyəti, milli-mənəvi dəyərlərimizin qorunması, Vətəninə, xalqına məhəbbətin təcəssümü, millətin və dövlətin tərəqqisi və milli kadrların yetişdirilməsi yolunda misilsiz xidmətləri respublikamızı sürətli inkişaf youluna çıxartdı. Ulu öndərin Sovet ittifaqı dönəmində milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideyasının formalaşdırılması yolunda atdığı qətiyyətli addımlar gələcək müstəqil Azərbaycanın formalaşmasdırılmasında mühüm əhəmiyyət kəsb edirdi. Tarixi şəxsiyyət daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün ən yaxşı vasitədir. Ulu öndər deyirdi ki, azərbaycançılıq milli mənsubiyyətini, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərə inteqrasiyasından bəhrələnmək deməkdir. Ulu öndər sonradan Kremldə işlədiyi illərdə də təkcə Azərbaycanın deyil, bütün dünyanın taleyində həlledici təsir göstərən görkəmli siyasətçilər və dövlət xadimləri arasında müdrikliyi ilə xüsusi yer tutdu.
XX əsrin sonlarında müstəqilliyyini bərpa edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlər xalqın, respublikanın taleyüklü məsələlərindən çox, özlərini düşünürdülər. Həmin illərdə ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış rəhbərliyin dövlət idarəçiliyində səriştəsizliyi xalqı arxasınca apara boləcək liderə və siyasi təşkilata böyük zərurət yaratdı. Vətəndaş müharibəsi həddinə çatmış qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Həm ziyalılar, həm də sadə insanlar müstəqilliyini yenicə bərpa etmiş respublikamızı düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevin və onun rəhbərlik edəcəyi siyasi təşkilatın olacağına inanırdı. Sərt sovet rejimində olduğu kimi, bu dəfə də Azərbaycanı məhv olmaq təhlükəsindən yalnız ulu öndər Heydər Əliyev xilas edə bilərdi. O çətin illərdə ulu öndər Yeni Azərbaycan Partiyasını təsis etməklə xalqı arxasınca apara biləcək siyasi təşkilat yaratdı. Mən də fəxr edirəm ki, 30 ildir bu partiyanın sırasındayam. Əgər həmin dövrdə Heydər Əliyev xalqın çağırışına səs verməsəydi, YAP-ı yaratmasaydı, respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrlə qarşılaşardı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş, xilas anı oldu. Azərbaycanın, eləcə də xalqımızın, milli dövlətçiliyimizin xilaskarlıq yolu bilavasitə, həmin gündən başlandı.
Bütün varlığı ilə Vətənə və xalqa qəlbən bağlı olan müdrik şəxsiyyət və dövlət xadimi Heydər Əliyev ömrünün qalan hissəsini də müstəqilliyimizin əbədiliyinə, milli dövlətçiliyin inkişafına, Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdi. Azərbayacanın bugünkü inkişafının təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Hazırda ölkəmiz müdrik şəxsiyyətin yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulur.
Ümummilli liderin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də Azərbaycanı cəsarətlə idarə etməyə, daim irəliyə aparmağa qadir olan layiqli davamçı yetirməsidir. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, siyasi lider, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada söz sahibinə çevrilib və qalib ölkə kimi tanınır. Heydər Əliyevin Zəngin dövlətçilik məktəbindən dərs alan, Prezident İlham Əliyev bu gün dünyada ən islahatçı dövlət başçışıkimi qəbul edilir. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi kursu bu gün dövlətimizin başçısı tərəfindən layiqincə davam etdirilir. 44 günlük vətən müharibəsindən 3 il sonra Xankəndinin erməni separtizmindən və Qazaxın kəndlərinin işğaldan azad olması, sərhədlərin delimitasiya və demarkasiya olunması Ulu Öndər Heydər Əliyevin möhtərəm Prezidentimiz İlham Əliyev cənabları haqqında dediklərinin: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”. İcrasını təmin etdi.
Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin böyük siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan dövləti və xalqı bundan sonra da xalqımzın xilaskarı Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Azər Süleymanov
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər