Siyasət

  • 1 754

“Böyük gələcək” siyasətinin Azərbaycanın müasir tarixində rolu - ANALİZ

image

Heydər Əliyevin çox maraqlı və keşməkeşli həyat və fəaliyyəti olub. Onun tərcümeyi-halına nəzər salanda adamı qəribə hisslər bürüyür. Belə böyük, müdrik və fenomenal qabiliyyətə malik şəxsiyyətlə eyni ölkədə yaşamağın, eyni xalqdan olmağınla fəxr edirsən.

Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib, 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev AKP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında SovİKP MK-nın Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub. 1992-ci ildə isə YAP-ın Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyununda ölkədə ictimai-siyasi böhranın yaranması, vətəndaş müharibəsi təhlükəsinin mövcudluğu o zamankı ölkə rəhbərliyini Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur etdi. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi və namizədliyini Azərbaycanın indiki Prezidenti İlham Əliyevin xeyrinə geri götürdü.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, 4 dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub. Bunlar böyük şəxsiyyətin böyük həyatından kiçik və ümumiləşdirilmiş məqamlar idi.

Bu qədər zəngin karyera dünya siyasətçilərin demək olar ki, heç birinin bioqrafiyasında yoxdur. Heydər Əliyev dünyada yeganə dövlət başçısıdır ki, ölkəsində iki ayrı-ayrı zamanda və quruluşda uzun müddətli rəhbər olub və hər ikisində də öz xalqını çoxsaylı bəlalardan xılas edib, ölkəsini möhkəmləndirib, inkişaf etdirib.

Ulu öndərimizin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə və sair sahələrə verdiyi önəm öz bəhrələrini verib. Ümummilli liderimiz daim məktəbliləri, tələbələri, ümumiyyətlə yeniyetmə və gəncləri diqqətdə saxlayıb, onların inkişafı üçün əlindən gələni edib.

Bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycan gəncliyidir. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Gənclər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gənclərin iştirakı, gənclər təşkilatlarına dövlət yardımı, gənc ailələrə dövlət yardımı, gənclərin məşğulluğunun təmin edilməsi, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı” kimi prinsiplər əsas tutulur.

Ulu öndərimiz deyirdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci il ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək deyirdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsizin, əziz övladlar!”.

Heydər Əliyevin rəhbərliyi ilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi-texniki bazanın yaradılması, müasir tədris prosesinin tətbiq edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib. Dövlət vəsaiti hesabına müasir tələblərə cavab verən məktəblər tikilib, tədris müəssisələri yeni avadanlıqlarla, kompüterlərlə təchiz edilib.

Ulu öndərin gənclər siyasətində idmanın və mədəniyyətin inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən soraq verir.

1988-1993-cü illərdə cəmiyyətimizdə hökm sürən xaos və anarxiya mədəniyyət və incəsənət sahələrinə də təsir göstərməyə bilməzdi. Həmin illərdə Azərbaycan mədəniyyəti dərin böhran içində idi. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə həmişə ciddi diqqət yetirən bir siyasətçi kimi tezliklə bu vəziyyəti aradan qaldırmaq üçün mühüm tədbirlər gördü. O, hələ respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına axın-axın göndərdiyi gənclərin, ziyalıların, 1969-1982-ci illər ərzində respublikamızın təhsil, mədəniyyət, incəsənət sahələri üçün yaratdığı zəngin maddi və mənəvi potensialın səfərbər edilməsi hesabına müstəqil dövlətimizdə mədəniyyətin tənəzzül vəziyyətindən çıxarılması uğrunda fəaliyyətə başladı. Tez bir zamanda cəmiyyətdə elm, təhsil və mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı. Yaradıcı ziyalıların respublikamızda aparılan quruculuq işlərinin müxtəlif sahələrinə cəlb olunmaları, əvvəlki şan-şöhrətlərinin, hörmət-izzətlərinin onlara qaytarılması mədəniyyətin, incəsənətin inkişafında böyük rol oynadı.

Heydər Əliyev ideologiyasında azərbaycançılıq məfkurəsi bu gün yaradıcılıqla davam etdirilir. Tədris prosesində milli–mənəvi dəyərlərimizin, eləcə də tanınmış dövlət xadimlərinin, sərkərdələrin, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin zəngin həyat yolunun öyrənilməsinə böyük diqqət yetirilir. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhtəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, ölkələrarası debat, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini- musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur. İndi əsas amal bu günə kimi formalaşan gənclər ordusunu heç bir itki vermədən gələcəyə aparmaqdır. Şübhəsiz, bu, belə də olacaq. Çünki Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabaha- yeni uğurlara imza atmağa daha yaxındır.

Əsasını Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu, Azərbaycanı uğurlu gələcəyə aparan siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə xüsusi dövlət proqramları təsdiq edib. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclərin hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi dövlət proqramının əsasını təşkil edir.

Ümummilli lider ordumuzun möhkəmləndirilməsi üçün böyük işlər həyata keçirdi və bu işləri onun varisi İlham Əliyev daha böyük miqyasda davam etdirdi. Məhz bu siyasət 2020-ci ilin payızında 2-ci Qarabağ müharibəsi zamanı özünü aydəın göstərdi və ordumuz böyük qələbə qazandı və vətənimizin işğal olunmuş hissəsini azad etdi.

Bu gün Azərbaycanda gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu “Böyük gələcək” siyasəti artıq öz bəhrələrini verir. O, fenomenal bir şəxsiyyət kimi öz xalqını tarixin sınaqlarından üzüağ çıxardı və Azərbaycan dövlətini məhv olmağa qoymadı. Azərbaycan xalqı onu heç vaxt unutmayacaq.

Digər xəbərlər