Siyasət

  • 2 563

Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir - Heydər Əliyev

image

Zaur Muradov,
Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri

Ölkəmizdə gənclərlə iş sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi Ulu Öndərin adı ilə bağlıdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.

Heydər Əliyev cəmiyyətin saflaşması, xalqın bir məqsəd, bir amal uğrunda birləşməsi, vətənin işğal edilmiş torpaqlarının azad edilməsi uğrunda mübarizə aparmaq üçün hazırlıqlı, siyasi cəhətdən yetgin gənclərin yetişdirilməsi qayğısına qaldı. Dövrün nəbzini tutub respublikamızın gələcək iqtisadi, siyasi yüksəlişini təmin edə bilən, onu xarici işğalçılardan və təzyiqlərdən müdafiə edə biləcək diplomatların, zabitlərin, peşəkar kadrların yetişdirilməsi məhz onun adı ilə bağlıdır.

Ümummilli Lider gənclərin II Forumunda gənclərə xitabən demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik. Ona görə də Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirməyə hazır olun”.

Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə Ulu Öndər tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Formda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı. Həmin dövürdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı.

Ulu Öndərin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edilməsi dövlət başçısının Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşmasının,onlara olan etimadın, diqqət və qayğının əyani təzahürü idi.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Məhz dövlətin gənclərə diqqət və qayğı göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Belə ki, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda Ali Baş Komandanımızın ətrafında səfərbər oldu, qələbəmizə töhfəsini verdi.

Bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Əminəm ki, müasir Azərbaycan gəncliyi dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin zəngin irsindən və bəşəri ideyalarından bəhrələnib, müstəqil Azərbaycanın gələcəyi naminə Heydər Əliyev yoluna daim sadiq olaraq öz müdrük rəhbəri, Prezidentimiz Cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək, dəmir yumruq olaraq ölkəmizin daha böyük nailiyyətlər əldə etməsində töhfələrini verəcəklər.

Digər xəbərlər