Siyasət

  • 1 273

HEYDƏR ƏLİYEVİN ADI AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİDİR - ŞƏRH

image

Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına Tanrının bəxş etdiyi böyük şəxsiyyətdir. Artıq xalqımız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum gününü onun ən böyük arzusunun çin olmasının – Qarabağın düşməndən azad edilməsinin sevinci ilə qeyd edir. Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Dahi Liderimizin Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövründə Azərbaycan xalqı, dövlətçiliyimiz, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda yorulmaz fəaliyyətinə və misilsiz xidmətlərinə verilən yüksək dəyərdir. Sərəncamda qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ən əsası isə, bu gün Ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə millət atası Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyətini gerçəkləşdirdi.

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çağdaş tarixinə möhtəşəm zəfər salnaməsini yazdı. Azərbaycan misilsiz Qələbə qazandı. Bu qələbə müstəqil dövlətimizin gücünü, ölkəmizin qüdrətini, xalqımızın döyüş ruhunu, qələbə əzmini dünyaya bir daha təqdim etdi. Və ən əsas odur ki, bütün dünya Azərbaycanın bir dövlət olaraq gücünün bir daha fərqində oldu. Dünya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi, diplomatik hazırlığına, bacarıqlı dövlət rəhbəri, Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə olduğuna bir daha əmin oldu, xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Beynəlxalq aləm ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda, haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Milli tariximizi nə qədər oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, Müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, ümummilli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir. Onun böyük qürurla söylədiyi: «Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!» sözləri bu böyük şəxsiyyətin, bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir.

Və bu gün dünyanın müxtəlif ölkələrinin siyasi liderlərinin ümummilli liderlə bağlı söylədikləri hər bir fikirində də bir ucalıq, yüksək məna çaları var. Belə ki, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinskinin ulu öndər Heydər Əliyev haqqında demişdi: "Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir".

Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Bu yerdə vaxtilə Sovet İttifaqının rəhbəri Leonid Brejnevin ölkəmiz haqqında dediyi “Azərbaycan iri addımlarla irəliləyir” sözləri indi də öz aktuallığını saxlayır. Bəli, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Və bu gün bu deyilən hər bir fikir Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyevin dünya miqyaslı dahi lider olaraq ulu öndərlə hər bir görüş zamanı bütün sahələr üzrə böyük siyasi təcrübə əldə etdiklərini söyləmələri hər bir azərbaycanlını qürurlandırır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dönə-dönə vurğulayıb ki, xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır: «Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır».

Bəli, bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Ulu Öndər bütün həyatı, fəaliyyəti boyu xalqa arxalanırdı və bu barədə də deyirdi: «Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib».

Və bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır. Bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla həyata keçirilir. Ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Digər xəbərlər