PDF Oxu

Siyasət

  • 2 374

Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji əməkdaşdırlar

Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji əməkdaşdırlar

1992-ci il iyunun 5-də Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini tanıdığını elan etdikdən sonra iki ölkə arasındakı münasibətlər müxtəlif sahələrdə strateji əməkdaşlıqla nəticələnir. Ümummilli lider Heydər Əliyev başlatdığı bu əməkdaşlığı inkişaf etdirərək, iki ölkə arasında müxtəlif sərəncam və fərmanlar imzalayır. Onun yolunu uğurla davam etdirən cənab prezident İlham Əliyev isə 2004-cü ildə iki ölkə arasında maraq dairələrinin genişlənməsi məqsədilə aprel ayının 16-da Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncama imza çəkir. Bununla da iki ölkə arasındakı münasibətlər daha da möhkəmlənir, ikitərəfli əlaqələrın nizama salınması istiqamətində müxtəlif görüş və tədbirlər təşkil edilir.

Sonrakı illər ərzində Milli Məclisdə Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır. Təməli 2000-ci ildə qoyulmuş bu əlaqələrə 2016-cı ildən Rauf Əliyev rəhbərlik edir.

2009-cu ildə iki ölkə arasında iqtisadi sahələrlə əlaqəli müxtəlif sənədlər təsdiq edilir, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, “Bolqarıstan Bulqartransqaz” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında qazın nəqli ilə əlaqəli Anlaşma Memorandumu imzalanır.

2015-ci il mart ayının 4-də Azərbaycan və Bolqarıstan arasında “Azərbaycan Respublikası ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyənnamə” imzalanır və beləliklə iki ölkə arasındakı əlaqələr daha da möhkəmlənir. Strateji əməkdaşlıq istiqamətində imzalanmış bu Bəyənnamə siyasi, iqtisadi, enerji, mədəni və digər sahələri əhatə edir. Bundan başqa iki ölkə arasında nəqliyyat, yük daşınması, yüksək texnologiya və turizm kimi sahələrdə də əməkdaşlıq münasibətlərinə maraq artır.

Strateji əməkdaşlıq çərçivəsində iki ölkə arasında ticarət münasibətlərinin sferaları da müzakirə edilmiş, ticari dövriyyənin artımı nəzərdən keçirilmişdir. Bundan başqa Bəyənnamə çərçivəsində iki ölkə arasındakı enerji və qaz sektorundakı əməkdaşlığın da bu günkü gündə vəziyyəti təhlil edilmişdir. Hesablamalara görə 2022-ci ildə Bolqarıstana təbii qazın istehsalı 600 milyon kubmetrə çatmışdır. Son dövrlərdə isə bu istehsalata olan tələbat təxminən 50 faizə yüksəlmişdir.

İki ölkə arasında son görüş 2024-cü il may ayının 8-də təşkil edilib. Cənab prezident İlham Əliyevlə Bolqarıstan prezidenti Rumen Radev arasında olan görüşdə iki ölkə arasındakı iqtisadi strateji əməkdaşlıq məsələləri ətrafında söhbət aparılmış, nəqliyyat sektorunda əməkdaşlıq müzakirə edilmişdir.

İlham Əliyev iki ölkə arasındakı münasibətləri yüksək dəyərləndirərək, öz çıxışında qeyd edir ki: “Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram”.

İlham Əliyev və Rumen Radev arasında baş tutan bu görüş zamanı qarşı tərəf də öz fikirlərini ifadə edərək qeyd edir ki: “Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata keçirilir. Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq”.

İlham Əliyev iki ölkə arasındakı münasibətləri daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində yeni “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” imzalayır. Bununla yanaşı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Aasarel İnvestment” arasında Anlaşma Memorandumu” və s. bu kimi sərəncam və fərmanlar imzalayır.

Pərvanə Talıbova

YAP Yasamal rayon təşkilatının fəalı,

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının múəllimi

Digər xəbərlər