PDF Oxu

Siyasət

  • 1 836

Azərbaycan-Bolqarıstan əlaqələri müxtəlif istiqamətlərdə inkişaf edir - ŞƏRH

Azərbaycan-Bolqarıstan əlaqələri müxtəlif istiqamətlərdə inkişaf edir - ŞƏRH

Bu gün Azərbaycan və Bolqarıstan arasında mövcud ikitərəfli münasibətlər çox müsbət xarakteriz edilir. İki ölkə arasında əməkdaşlığın perspektivləri də müsbət yöndə dəyərləndirilir. Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlərində aparılan müzakirələr ikitərəfli əməkdaşlığın inkişafında dinamika yaradacaq. Prezidentlərin görüşlərində iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi baxımından Azərbaycan-Bolqarıstan arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib. Görüşlərdə, həmçinin iqtisadi sahədə yaxşı siyasi əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat, tranzit, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub. Prezident İlham Əliyev bu səfərin yaxşı nəticələrinin olacağını və tərəfdaşlığın uğurla davam edəcəyini vurğulayıb. Prezident Rumen Radev isə Azərbaycanla yüksək səviyyəli siyasi təmasların Bolqarıstanın qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaratdığını qeyd edərək enerji sektorunda aparılan əməkdaşlıqdan məmnunuğunu ifadə edib. Görüşlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” imzalayıblar. Bununla yanaşı, texnoloji innovasiya və neft sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumuları imzalanıb. Prezident İlham Əliyev bəyanatında deyib ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar: “Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür”. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir. Azərbaycanın Şərqi Avropa ölkələri ilə daha sıx mədəni əlaqələri qurduğu olan dövlətlərdən biri, məhz Bolqarıstandır. Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir.

Azərbaycan-Bolqarıstan əlaqələri illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmişdir. Prezident İlham Əliyev 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında və 2015-ci ilin martında Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir. Sonuncu səfər enerji layihələri və qarşılıqlı sərmayələrlə bağlı müzakirələrlə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə bağlı müzakirələr idi.

Bununla belə, enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş Cənub Qaz Dəhlizi Layihəsinə gəldikdə, Prezident İlham Əliyev və Aİ-nin o vaxtkı xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri olaraq qeyd olunmuşdur. Strateji və praktiki istifadəsindən başqa, Aİ-nin enerji üzrə komissarı Kadri Simson deyib ki, “yeni marşrut Qərbi Balkanlar, Ukrayna və Moldovaya daxil olmaqla regiona tədarükün təhlükəsizliyini gücləndirməkdə kömək edəcək. Gələcəkdə təbii qazla qarışdıqda hidrogenin daşınmasını mümkün edə bilər. Azərbaycanın Rumıniya və Serbiya ilə birlikdə “Yaşıl dəhliz” layihəsində iştirakını nəzərə alsaq, bu, gələcəkdə Bakı-Sofiya əməkdaşlığının daha bir istiqaməti ola bilər.

Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bunu qarşılıqlı səfərlər, xüsusən də yüksək səviyyəli səfərlər sübut edir. Siyasi əlaqələrin möhkəmliyi Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına güclü təkan verməyə imkan verir. İki ölkə arasında 65-dan çox sənəd imzalanıb və bu, tərəflər arasında fəal siyasi dialoqun aparılmasından xəbər verir. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar və bu illər ərzində iki ölkə arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. Ancaq indi sürətlə dəyişən dünyada əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə ehtiyac yaranıb. Bolqarıstan Prezidenti Rumen Radevin səfəri zamanı strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalandı.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər