PDF Oxu

Siyasət

  • 2 826

Böyük Qayıdış: Qubadlıda yeni həyat başlayır TƏHLIL

image

Prezident İlham Əliyev: "Bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb"

"Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Bir daha demək istəyirəm, biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşündə çıxışı zamanı bildirib. Artıq digər ərazilərimiz kimi, Şuşaya ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Sus kəndinə də 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub. İşğala qədər burada 53 ailə - 203 nəfər yaşayırdı. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

İşğaldan azad olunan ərazilərimizə füzuliyə, laçına kös karvanların davamlı olaraq yol alır.

KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİN ƏZƏLİ TORPAQLARIMIZA QAYIDIŞ İNAMI

44 günlük Vətən müharibəsində işğaldan azad olunan torpaqlarımız kimi Qubadlı rayonu yeni həyatına qovuşdu. Ərazisi 802 kv.km olan Qubadlının 94 yaşayış məntəqəsi, o cümlədən, 1 şəhər və 93 kəndi var. 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilmişdi. İşğal ərəfəsində isə əhali 30 minə qədər olub. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edib. 2 üzümün ilkin emalı zavodu, 1 yağ-pendir zavodu, 1 asfalt zavodu, 1 inkubator-quşçuluq fabriki, 1 balıqyetişdirmə vətəgəsi, 1 daş karxanası, 1 mərmər sexi, Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun filialı və s. fəaliyyət göstərib. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Qubadlı rayonunda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi olub. 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib. Ümumilikdə işğal nəticəsində rayonda olan 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət, 6 sənaye müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 km elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 146 idarə, müəssisə binaları, 18 dəyirman, 4 su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılıb, 13 365 hektar meşə sahəsi işğal altında qalmışdı.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr işğal olunub. Erməni təcavüzü zamanı Qubadlı 238 şəhid verib, 146 nəfər əlil olub.

"ÖZ YAXINLARININ MƏZARLARINI ZİYARƏT EDƏ BİLMƏMƏYİNİZ - BU DƏRDİN MİSLİ-BƏRABƏRİ YOXDUR"

Bu illər ərizində torpaq həsrəti bir an da olsun onları tərk etməyib. Dövlətimiz keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirib. Dövlətimizin başçısının keçmiş məcburi köçkünlərə olan diqqət və qayğısının nəticəsidir ki, Abşeron rayonunun ərazisində, Sumqayıt şəhərində, eləcə də digər şəhər və rayonlarda tikilmiş yeni şəhərciklərə Qubadlı rayonundan olan keçmiş məcburi köçkün ailəsi köçürülüb. Bütün bunlara baxmayaraq, keçmiş məcburi köçkün düşmüş soydaşlarımız inanırdılar ki, tezliklə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaq və həmin günü qələbə günü kimi qeyd edəcəklər. Artıq həmin zamanı yaşamışıq. İşğaldan azad olunan məkanlarımızda yeni bir həyat başlanıb.

"Bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz - bu dərdin misli-bərabəri yoxdur. Otuz il ərzində bizə deyirdilər ki, gözləyin, tələsməyin, müharibə aparmayın, bu münaqişənin hərbi həlli yoxdur. Ona görə belə deyirdilər ki, ermənilər burada əbədi yaşasın və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirdilər, inandırmağa çalışırdılar ki, məsələ müharibə yolu ilə həll olunmaz. Əsas məqsəd o idi ki, heç vaxt Azərbaycana imkan verməsinlər öz ərazi bütövlüyünü bərpa etsin", - deyə Prezident bildirib. Nəhayət ki, o məkanlarda Azərbaycan bayrağı altında birləşən xalqımız dövlət başçısının rəhbərliyi ilə abadlıq-quruculuq işlərinə başlayıb.

"BİZ QUBADLI RAYONUNUN BÜTÜN KƏNDLƏRİNİ, O CÜMLƏDƏN QUBADLI ŞƏHƏRİNİ YENİDƏN QURACAĞIQ"

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq".Xatırladaq ki, bu günə qədər Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl kimi ərazilərdən sonra Qubadlıda yeni yarımstansiya tikilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.

Artıq Şuşada, Füzulidə, Zəngilanda görülən işlər bunu deməyə əsas verir. Beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu Azərbaycanın gücünün göstəricisidir. Qubadlı böyük potensiala malik olan ərazidir. Qubadlıda görülən işlərdən söz açarkən, əlbəttə ki, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışını da qeyd etməliyik. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, "HAROP", "Quzğun" və "Qırğı" zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Hərbi hissə kompleksində qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, şəxsi heyət üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Bu hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

MAHRUZLU VƏ ZILANLI KƏNDLƏRİ YENİDƏN QURULUR

Artıq Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərinin yenidən qurulmasına başlanılıb. Hər iki kəndin baş planına əsasən, torpaq işləri başa çatdırılıb. Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Birinci mərhələdə 40.27 hektar ərazidə 190 evin tikilməsi və 836 nəfərin məskunlaşması planlaşdırılır. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, çayxana da nəzərdə tutulub.

Qubadlıda Zilanlı kəndinin də tikintisinə başlanılıb. Bu kənd rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir və onun ümumi ərazisi 180.04 hektar təşkil edir. Birinci mərhələdə 43,5 hektar ərazidə 193 evin tikintisi və 926 nəfərin məskunlaşması nəzərdə tutulub. Bu kənddə də məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma və idman mərkəzi yaradılacaq.

Hər iki kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. Kəndlərin birinci fazası üzrə nəzərdə tutulan inşaat işlərinin bu ilin sonunadək yekunlaşdırılması və tikilən evlərə əhalinin ilk köçü də planlaşdırılır. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər