Mayın 7-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.May ayının 8-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında bildirmişdir ki, bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.
Ölkə başçılarının intensiv əlaqələrinə toxunan Azərbaycan Prezidenti vurğulamışdır ki, həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.
Daha sonra cənab İlham Əliyev qeyd etmişdir ki, Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.
Səfər çərçivəsində daha bir aktual məsələ-yaşıl enerji kabeli məsələsi də müzakirə edilmişdir. Bu isə o deməkdir ki, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq.
Cənab Prezident çıxışına davam edərək, əlaqələrin digər önəmli istiqaməti- nəqliyyatla əlaqəli fikrini açıqlamışdır. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
Çıxışının sonunda Azərbaycan Prezidenti cənab İlham Əliyev səfərin nəticələri haqqında fikrini bildirib: “Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdən ibarətdir.”
Cənab Prezident ümidvar olduğunu bildirib ki, baş tutan səfər Azərbaycan-Bolqarıstan əlaqələrinə güclü dinamika verəcəkdir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini