PDF Oxu

Siyasət

  • 1 740

Şuşaya qayıdış bütün Azərbaycan üçün tarixi bir hadisədir

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 may 2024-cü il tarixində Şuşa şəhərinə növbəti tarixi səfəri baş tutmuşdur. 32 ildən sonra Qarabağa həyat qayıdır və bu tarix Şuşanın yeni tarixinin başlanğıcıdır. Şuşa şəhəri ilə bərabər Qarabağın bütün bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri bu gün yüksək səviyyədə davam edir. 10 may tarixini Şuşa sakinləri üçün xüsusi və əlamətdar gün hesab etmək olar. Uzun illər ata-baba yurdlarından didərgin düşmüş sakinlər artıq Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz torpaqlarında məskunlaşırlar. Cənab İlham Əliyev Şuşa sakinləri ilə mətbuata açıq keçirilən xüsusi görüşü zamanı bir çox mühüm məqamlara toxundu.Cənab İlham Əliyev ilk olaraq 44 günlük Vətən müharibəsi zamanı qələbəni bizə bəxş edən cəsur, igid və qəhrəman oğullarımızı yad edərək çıxışında bildirmişdir ki, “Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim. Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq”. Qeyd etmək lazımdır ki, son 20 ildə vətənpərvər ruhda böyüyən və formalaşan oğullarımız olmasaydı bu qələbəni qazanmaq mümkünsüz olardı. Məhz bu qələbənin təməli onların qəhrəmanlığı, igidliyi və şücaəti sayəsində olmuşdur. Bu gün bütün dünyada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət, cəsarət və vətənpərvərlik ruhundan danışılır. Bu da dövlət və millət olaraq hər birimiz üçün qürur, fəxr, sevinc mənbəyimizdir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı rəşadətli, müzəffər ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi.Şuşa şəhəri öz əvvəlki tarixi memarlıq görkəmini saxlamaqla bərabər ən müasir formada yenidən qurulur. Şuşada yeni yaşayış kompleksləri inşa edilir, ermənilərin təhqir etdiyi məscidlərimiz bərpa edilərək təmir olunur. Doğma ata-baba yurdlarına qayıdan Şuşa sakinlərinin məşğulluq məsələləridə öz həllini tapır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir.

Rauf Əliyev
Milli Məclisin deputatı

Digər xəbərlər