Siyasət

  • 1 025

Şuşa yenidən dirçəlir - ŞƏRH

image

Bu gün qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən hadisələr içərisində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqın Müzəffər Sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütamadi səfərlər etməsi hər birimizin ürəyincədir.

Bu səfərlərin hər biri Vətənimizin öz bütövlüyünə qovuşması aktının parlaq təzahürüdür. Müzəffər Ali Baş Komandanın bu səfərləri həm düşmənə, həm də bütün dünyaya qətiyyətli bir mesajdır. Bu yurdumuuzn kimə məxsus olması haqqında mesajdır. Prezident cənab İlham Əliyevin iştirak etdiyi hər bir tədbir, dediyi hər bir söz, etdiyi hər bir çağırış isə ədalətə əsaslanan yeni dünya nizamının yaradılmasına xüsusi töhfədir. Onun timsalında çağdaş bəşəriyyət ədalətin necə qalib gəlməsinin şahidi oldu. Bu gün xalqımız doğma irsinə qovuşmaqla çoxəsrlik tarixinin ən şanlı səhifəsini yaşayır. Bu tarixdə isə Azərbaycan xalqının qürurunu və şərəfini özünə qaytarmış möhtərəm cənab İlham Əliyevin böyük şəxsiyyəti ucalır.

Cari ilin may ayının 10- Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya növbəti səfəri çox böyük əhəmiyyətə malik olmuşdur. Belə ki, səfər çərçivəsində ən əhəmiyyətli məsələrdən biri də Şuşada ilk yaşayış kompleksinin açılışı, Şuşaya ilk köç edən sakinlərlə görüş və həmin kompleksədə yaşayacaq sakinlərə mənzillərin təqdim edilməsi olmuşdur. Bu eyni zamanda böyük tarixi hadisədir. Şuşa şəhərinin sakinləri düz 32 ildən sonra öz doğma yurdlarına qayıtdılar.

Qeyd edək ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Şuşada sakinlərə görüş zamanı Prezident cənab İlham Əliyev bir sıra məsələlər toxunmuşdur. Həmin məsələlərdən biri də azad olunmuş ərazilərimizdə, eləcə də Şuşada aparılan geniş bərpa-yenidənqurma işləri ilə bağlı idi. Prezident cənab İlham Əliyev qeyd edib ki: “Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.”

“Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə biz dünyanın aparıcı şirkətlərini cəlb eləmişik, təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün ki, uzun illər ərzində ağır şəraitdə - çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar bundan sonra yaxşı yaşasınlar, rahat yaşasınlar. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.”

Bu tarixi hadisənin məhz Ulu Öndərimizin doğum gününə təsadüf etməsi əlbəttə ki, böyük rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi və buna bütün varlığı ilə inanırdı ki, biz Şuşaya da, bütün digər şəhər və kəndlərimizə də mütləq qayıdacağıq. Bu gün bütün dünya Ulu Öndərimizin bu sözlərinin necə gerçəkləşdiyinə şahiddir. Prezident cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan xalqı öz əzəli torpaqlarına həmişəlik qayıdıb və müqəddəs bayrağımız da bu torpaqlarda əbədi dalğalanacaq!”

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının əməkdaşı

Digər xəbərlər