“2020-ci ilin 44 günlük müharibəsi ilə Azərbaycan öz tarixi torpaqlarını azad etdi. Təbii ki, bu, məsələnin birinci və mühüm tərəfi idi. İkinci tərəfi isə yerlə-yeksan edilmiş ərazilərimizin bərpası ilə bağlı idi. Azərbaycan dövləti də təxirəsalınmaz vəzifə kimi Qarabağı cənnətə çevirmək və əhalini öz torpaqlarına köçürmək üçün uzunmüddətli və surətli proqramlara başladı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. Deputat bildirib ki, bu gün sevinc hissi ilə qeyd edirik ki, Böyük Qayıdış layihəsi öz uğuru ilə diqqəti cəlb edir: “Qısa müddət ərzində keçmiş rayon mərkəzləri, eyni zamanda ağıllı kənd və ağıllı şəhər layihələri ilə Azərbaycan böyük uğurlar əldə etdi və ilklərə imza atdı.Bu gün Füzuli, Zəngilan, Kəlbəcər, Ağdama gələn hər bir şəxs tikinti işlərinin surətinə şahid olur. Xüsusilə də Şuşada gecə-gündüz aparılan tikinti işləri insan zəhmətini göstərir. Köç prosesi də davamlı şəkildə həyata keçirilir. İnsanların çöhrəsində artıq sevinc var. Azərbaycan bu illər ərzində dünyanın heç bir beynəlxalq təşkilatından və banklardan yardım almadan keçmiş qaçqın və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasını təmin edir və onlar üçün çox gözəl şərait yaradır. Azərbaycan bütün bunlarla bir daha dünyaya bəyan etdi ki, Qarabağ onun tarixi torpağıdır”.
Müəllif: Səbinə Hüseynli