PDF Oxu

Siyasət

  • 2 749

Azərbaycan- Türkiyə qardaşlıq birliyi bölgəyə sülh və sabitlik gətirir TƏHLİL

Azərbaycan- Türkiyə qardaşlıq birliyi bölgəyə sülh və sabitlik gətirir TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur”

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: “Türkiyə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir”

Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumatına görə, mayın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyev cənablarına zəng edib. Telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib. Türkiyə lideri söhbət zamanı Azərbaycan və Ermənistan arasında sülh prosesinin müsbət irəliləyişindən məmnunluğunu ifadə edərək, Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Həmçinin, Türkiyə lideri Ərdoğan bölgədə ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, həm də bölgə ölkələri üçün yeni bir ab-hava gətirəcəyini vurğulayıb.

«HƏM AZƏRBAYCAN XALQINA, HƏM TÜRKİYƏ XALQINA, HƏM DƏ BÜTÜN DÜNYAYA BİR MESAJDIR Kİ, BİZ BİR YERDƏYİK. BİZİM BİRLİYİMİZ SARSILMAZDIR VƏ ƏBƏDİDİR»

Hər iki ölkənin qalib liderlərinin birliyi, qardaşlığı önəmli faktora çevrilib. Prezident İlham Əliyev cənablarının söylədiyi kimi: «Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir».Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib və əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək: «Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir».

Eyni zamanda, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan siyasətçi Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib. Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib. “Kahramanmaraşda tikilən evlər ölkələrimiz arasındakı qırılmaz qardaşlıq bağlarının növbəti simvoludur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA BU QARDAŞLIQ BÖLGƏYƏ SÜLH VƏ SABİTLİK GƏTİRİR

Türkiyə ilə Azərbaycan arasında əlaqələrdə atılan hər addım regional əməkdaşlığın inkişafına, təhlükəsizliyin güclənməsinə xidmət edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iki dövlətin əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ardıcıl olaraq səfərlər etməsi bunu təsdiqləyir. Və Türkiyə liderinin səfərləri iki dövlət arasında əməkdaşlığın artıq səmərə verdiyinin göstəricisidir.

Prezident İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib: “Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Göründüyü kimi, bu gün Azərbaycan və Türkiyə liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər.

BU İKİ LİDERİN UCA ŞƏXSİYYƏTİNƏ, MƏNLİYİNƏ, MƏNƏVİYYATINA, DƏYƏRLƏRƏ BAĞLILIĞINA YARAŞAN DA ELƏ, MƏHZ BUDUR!

Prezident İlham Əliyevin Türkiyənin dövlət başçısı haqqında səsləndirdiyi səmimi sözlər bir liderin digəri haqqında rəyindən də çox, bir insanın öz doğma qardaşının uğurları ilə qürur duyması qədər xoş, sevindirici və fərəhlidir. Azərbaycan Prezidenti Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində demişdir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən... Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm”.

Bir sözlə, bu gün Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq. Çünki Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülhdür! Sabitlik və İnkişafdır!

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “TÜRKİYƏ BURADA YOXSA DA, MƏN BURADAYAM VƏ SİZİN CAVABINIZI VERƏCƏYƏM”, SÖYLƏMƏKLƏ DÜNYANI MAT QOYMUŞDU, EYNİ ZAMANDA, BÜTÜN TÜRK DÜNYASININ ÜRƏYİNİ FƏTH ETMİŞDİ

Atılan qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. İllər öncə Ermənistanın qatil rəhbəri Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində “dərə xəlvət, tülkü bəy” yanaşmasından çıxış edərək qardaş ölkənin ünvanına saxta ittihamlar, hədyanlar söyləyəndə Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”, söyləməklə dünyanı mat qoymuşdu, eyni zamanda bütün Türk dünyasının ürəyini fəth etmişdi. Eyni zamanda Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”, mövqeyi ilə Türk birliyi mesajını verdi dünyaya.

Bir sözlə, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, ümumiyyətlə dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri həm xalqlarımız, həm də dünya birliyi üçün əsl nümunədir. Və Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı maraqlar, mənfəətlər üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil, sözdə, əməldə, konkret fəaliyyətdədir. Bütün bu qardaşlıq münasibəti ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir» və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün bu iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır.

Bir sözlə, Azərbaycan və Türkiyə qardaşlığı bölgəyə sabitlik gətirməklə yanaşı, bu birlik həm də regional güc kimi mühüm əhəmiyyətə malikdir. Bu gün öz liderlərinin sayəsində hər iki ölkə bütün dünyada böyük uğurlar əldə edən, prinsipial siyasət yürüdən güc kimi tanınırlar. Artıq şübhə yoxdur ki, iki xalq və dövlət arasındakı qardaşlıq daimidir və yaxın vaxtlarda biz hər iki ölkənin növbəti uğurlarına şahidlik edəcəyik.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər