PDF Oxu

Siyasət

  • 1 874

Azərbaycan-Özbəkistan: əməkdaşlığın inkişafında qarşılıqlı fəaliyyət TƏHLİL

Azərbaycan-Özbəkistan: əməkdaşlığın inkişafında qarşılıqlı fəaliyyət TƏHLİL

Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğur onu dünyada söz sahibinə çevirib. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycana göstərilən etimad və inam regionla məhdudlaşmır, beynəlxalq miqyasda onun nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın ifadəsidir. Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi dövlətlərarası münasibələrin inkişafinda mühüm rol oynayır.
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri də bu gün yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilir. İki ölkə arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul etməsi əlaqələrin davamlığının göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Özbəkistan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf prosesləri Azərbaycanda böyük maraqla izlənilir. Özbəkistan Prezidentinin iqtisadi islahatlar, sosial və digər bütün sahələrin inkişafına yönəlmiş siyasəti konkret nəticələr verir. Dövlətimizin başçısı Özbəkistana səfərini məmnunluqla xatırlayaraq səfər zamanı bu ölkənin sənaye potensialı və tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlərin uğurla həll edilməsinin şahidi olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı əməkdaşlığımızın inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

FÜZULİYƏ ÖZBƏKİSTAN PREZİDENTİNİN VƏ XALQININ HƏDİYYƏSİ

Xüsusi olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini yüksək qiymətləndirən dövlətimizin başçısı Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə səfərlərinə də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəmzi xarakter daşıdığını qeyd edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdir.

HƏRTƏRƏFLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİ

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Dövlət müstəqilliklərini əldə etdikdən sonra iki dövlət arasında tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə", eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Prezident İlham Əliyev Laziz Kudratovun ölkəmizə səfərinin iqtisadi əməkdaşlığın möhkəmlənməsi ilə bağlı layihələrin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Dövlətlərarasi münasibətlərdə imzalanan sənədlər, bəyanatlar mühüm rol oynayır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.

TÜRK DÖVLƏTLƏRİNİN TARİXİNDƏ MÜHÜM HADİSƏ

Əlbəttə ki, bütün dost ölkələr kimi, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda da sevinclə qarşılanır. Xatırladaq ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə də Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndiyini, iqtisadiyyatımızın dinamik şəkildə inkişaf etdiyini, investisiyaların həcminin artdığını deyən Laziz Kudratov bildirib ki, Azərbaycan qlobal çağırışlara baxmayaraq inflyasiyanı saxlamağa uğurla müvəffəq olub. Qonaq, eyni zamanda, vurğulayıb ki, işğal olunmuş ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə qaytarılması və tarixi ədalətin bərpa olunması təkcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin tarixində mühüm hadisə olmuşdur. Özbəkistanda da bu tarixi hadisə böyük sevinclə qarşılanmışdır. O, əməkdaşlığımızın möhkəmlənməsinə yönəlmiş təşəbbüslərin reallaşması işinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Təbii ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına öz töhfəsi verəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər