PDF Oxu

Siyasət

  • 3 520

Azərbaycan dost və qardaş İranın kədərinə şərikdir ŞƏRH

Azərbaycan dost və qardaş İranın kədərinə şərikdir ŞƏRH

Prezident İlham Əliyev: "İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq"

Azərbaycanla İran arasında münasibətlər tarixi keçmişə söykənir. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır və hər iki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. Bu günlərdə, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasiminin keçirilməsi iki ölkə arasında tarixi bir hadisəyə çevrildi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədindəki görüşü "Tarixi bir görüş" kimi dəyərləndirərək "Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq", - deyə diqqətə çatdırıb. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi onu göstərir ki, Azərbaycan və İran səmərəli əməkdaşlıq imkanlarını uğurla davam etdirəcəkdir.

"İRAN XALQI BÜTÜN HƏYATINI ÖLKƏSİNƏ FƏDAKARLIQLA VƏ SƏDAQƏTLƏ XİDMƏT ETMİŞ GÖRKƏMLİ DÖVLƏT XADİMİNİ İTİRDİ"

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları xəbəri Azərbaycan xalqını da narahat etdi, kədər hissi oyatdı. Prezident İlham Əliyev İran Prezidentinin və digər müşayiət edən şəxslərin həlak olmaları ilə bağlı İranın Ali Rəhbərinə başsağlığı verərək bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyib, kədərinə şərik olduğumuzu bildirib. Başsağlığı məktubunda qeyd olunub: "Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır".

"BÖYÜK İNFRASTRUKTUR LAYİHƏSİNİN AÇILIŞINDA BİRGƏ İŞTİRAKIMIZ İRAN-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİN NƏ QƏDƏR MÖHKƏM OLMASINDAN XƏBƏR VERİRDİ"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub və İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edən Prezident İlham Əliyev "İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı", – deyərək bu itkinin təkcə İran xalqına, dövlətinə deyil, bütün müsəlman aləminə üz verdiyini diqqətə çatdırıb: "Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı".
Onunla son görüşünü diqqətə çəkən Cənab Prezident bunun tarixi bir görüş olduğunu qeyd edib: "Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər".

"BİZ KONKRET İNFRASTRUKTUR LAYİHƏLƏRİ HAQQINDA GENİŞ FİKİR MÜBADİLƏSİ APARMIŞDIQ, ÖNƏMLİ QƏRARLAR QƏBUL EDİLMİŞDİR"

Faciənin baş verməsinin həm onun yaxınlarına, həm də onu tanıyanlara böyük dərd olduğunu bildirən Cənab Prezident onun öz həyatını İran xalqının inkişafına həsr etməsinin bir təsəlli verdiyini söyləyib: "İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olmuşdur".
Faciə baş verməzdən əvvəl Azərbaycan və İranın dövlət başçıları birlikdə idilər. Nəhəng qurğuların açılışı və istismara verilməsi Azərbaycan-İran arasında münasibətlərin daha da dərinləşməsinə töhfəsini verəcəkdir. Bu görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq və layihə texniki nöqteyi-nəzərdən əhəmiyyətli olmaqla yanaşı, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. . "Xudafərin" və "Qız Qalası" ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.
Dövlət başçılarının görüşü çərçivəsində bir sıra əhəmiyyətli məsələlər müzakirə edilmişdir. Əlbəttə ki, bölgənin təhlükəsizliyi, sabitliyi üçün İran-Azərbaycan münasibətləri əsas amillərdəndir. Azərbaycan və İran bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyibdir. Bundan sonra da əlaqələrin dinamik inkişafı münasibətlərin daha da dərinləşməsinə təsirini göstərəcəkdir. "İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda", - deyə dövlətimizin başçısı bildirib.
Bu layihələr, "yaşıl enerji" sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. "Xudafərin" və "Qız Qalası" ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür. "Əfsuslar olsun ki, gələcək layihələrin icrasını görmək ona nəsib olmadı", – deyən Cənab İlham Əliyev qeyd edib ki, tale ilə hər kəs barışmalıdır: "Ancaq yenə də deyirəm, təsəlli verən amil odur ki, öz həyatını İranın inkişafına qurban vermişdir və bizim yaddaşımızda, İran xalqının, Azərbaycan xalqının yaddaşında o, parlaq şəxsiyyət, böyük dövlət xadimi, Azərbaycan dövlətinin və xalqının böyük dostu kimi qalacaq. Bir daha başınız sağ olsun. Allah rəhmət eləsin".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər