Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 19-da Araz çayı üzərində tikilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “ Qız qalası” hidroqovşağının açılış mərasimində çıxış etmişdir.
Cənab Prezident çıxışında qeyd etmişdir: ”Bu gün çox əlamətdar bir gündür. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada da qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyükbilik, səriştə və təcrübə tələb edirdi.
Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.
Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək.”
Azərbaycan Prezidenti çıxışına davam edərək vurğuladı ki, biz bu gün İran Prezidenti hörmətli Rəisi ilə bir çox məsələləri geniş müzakirə etdik və bir daha əmin olduq ki, bizim fikrimiz üst-üstə düşür, istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik.
İşğaldan azad edilmiş torpaqlarda görülən işlərə də toxunan Azərbaycan Prezidenti həmin ərazilərdə bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirildiyini qeyd edib.
Hazırda azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq.
Cənab Prezident iki ölkə arasında əlaqələrə də toxunub. “Əməkdaşlığımız həm ölkələrimizi gücləndirir, eyni zamanda, regional əməkdaşlığa da fayda verir. Ticarət dövriyyəsinin artırılması, yeni birgə müəssisələrin yaradılması – bütün bunlar göz qabağındadır. Təbii ki, bütün planları həyata keçirmək üçün gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır.”
Bölgədə sülhün yaranması məsələsinə də toxunan cənab İlham Əliyev İranın bu məsələyə dair dəstəyini yüksək dəyərləndirdi. Kənar qüvvələrin bölgəyə müdaxilə etməsini yolverilməz olduğunu diqqətə çatdıran cənab Prezident qeyd etdi ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbul edilməzdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bölgədə yaranmış vəziyyət barədə iki ölkə arasında yenidən fikir birliyinin yaranmasına müsbət qiymət verərək dedi: “Mən bu gün hörmətli Prezident Rəisini bu il Azərbaycanda keçiriləcək iqlim konfransına dəvət etmişəm. Hörmətli Prezident Rəisi məni İrana dəvət edib. Bu dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm, bizim bundan sonra da görüşlərimiz çox olacaq, son illər biz artıq beşinci dəfədir ki, görüşürük, amma sərhəddə ilk dəfədir. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycanbirliyi, dostluğu sarsılmazdır.”
İran Prezidenti İbrahim Rəisi də çıxışında iki ölkə arasında bərqərar olan anlaşma mühitinə böyük qiymət verərək gələcəkdə qarşılıqlı surətdə daha böyük layihələr üzərində iş birliyi quracaqlarını diqqətə çatdırdı və bu görüşün bölgənin inkişafı üçün böyük əhəmiyyət olacağını qeyd etdi.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini