PDF Oxu

Siyasət

  • 39 090

Azərbaycan- İran dostluğunun dərin kökləri, dərin tarixi var - ŞƏRH

Azərbaycan- İran dostluğunun dərin kökləri, dərin tarixi var - ŞƏRH

Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir.

Məlumdur ki, Azərbaycan bu gün həyata keçirdiyi layihələrlə təkcə özünün deyil, bütün bölgə ölkələrinin rifah yüksəlişinə böyük töhfələr verir. Həmçinin bu layihələr region ölkələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və şaxələnməsinə xidmət edir.

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.” Bu fikirləri mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi söyləyib.

Bu tədbir həm İran-Azərbaycan münasibətlərinin bərpası və inkişafı, iqtisadi imkanların artması və şaxələnməsi baxımından, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərin də buna əsas yaradır: “ İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”. Ölkə başçısı qeyd edib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”. Azərbaycan Prezidentinin fürsətdən istifadə edərək sülh yolu ilə nizamlanma məsələsi ilə bağlı növbəti dəfə çıxış etməsi bu məsələnin kəskin aktuallığından xəbər verir. Xudafərin və Qız Qalası hidroqovşaqlarının açılışı Azərbaycan-İran əməkdaşlığının yeni mərhələyə keçdiyini və bu əməkdaşlığın gələcəkdə daha da güclənəcəyini göstərir. Bu layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük strateji və iqtisadi əhəmiyyət kəsb edir.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər