PDF Oxu

Siyasət

  • 4 135

“Xudafərin” və “Qız Qalası” İran-Azərbaycan dostluğunun bariz nümunəsidir - ŞƏRH

“Xudafərin” və “Qız Qalası” İran-Azərbaycan dostluğunun bariz nümunəsidir - ŞƏRH

Cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin”hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər iki münasibətin tarixi hadisə olduğunu bildirib. Böyük bilik, səriştə və təcrübə tələb edən bu layihələrin İranın geniş imkanları və böyük təcrübəsi sayəsində ərsəyə gəldiyini, bu layihələrin dostluğun növbəti təzahürü olduğunu vurğuladı.Prezident İlham Əliyev çıxışında İran və Azərbaycan xalqlarının əsrlər boyu bir yerdə yaşayıb-yaratdıqlarını qeyd etdi və bu gün dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxdığını bildirdi. Qədim tarixə malik qarşılıqlı hörmət və dəstəyin bu nəhəng layihələrdə özünü göstərdiyini, gələcəyə yönəlmiş əməkdaşlığın gələcəkdə də davam edəcəyini bəyan etdi. İlk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşü bu sərhəddin dostluq və qardaşlıq sərhəddi olduğunu bir daha sübut edir.

Prezident Əliyev həmçinin İran və Azərbaycanın beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə bağlı fikirlərinin üst-üstə düşdüyünü, bu dostluğun bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirləri üçün önəmli olduğunu qeyd etdi. “Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda - Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik” deyə cənab Prezident əlavə etdi.

Hər iki ölkəni birləşdirən, onların həyatında xüsusi rol oynayan nəqliyyat layihələrindən bəhs edən dövlət başçımız Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylərin real layihələrə çevrildiyini və gələcəkdə bu dəhlizin dünyanın ən önəmli nəqliyyat damarına çevriləcəyini bildirdi.

Dövlətimizin başçısı bu dəhliz üzrə yükdaşımaların həcminin ötən il 50 faizdən çox artdığını, bu ilin ilk üç ayında artımın davam etdiyini və gələcəkdə bu rəqəmlərin daha da artacağını qeyd etdi. Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikilməsinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacağını və bu körpünün Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini vurğulayan Prezident İlham Əliyev azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı nəqliyyat layihələrinin həyata keçirildiyini, avtomobil yolları, hava limanları və dəmir yolu infrastrukturunun yaradıldığını bildirdi. Bu bölgələrin “yaşıl enerji” zonaları elan edildiyini və burada “yaşıl enerji” mənbələrinin yaradılmasının bütün bölgə üçün faydalı olacağını qeyd etdi. İşğaldan azad edilmiş torpaqlarda 270 meqavat gücündə su elektrik stansiyalarının inşa edildiyini və bu gücü 500 meqavata çatdırmaq üçün proqramların hazırlandığını diqqətə çatdırdı.

Azərbaycan diplomatiyasının prioritetinin bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qurmaq olduğunu qeyd edən Prezident İlham Əliyev bölgənin inkişafının bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməli olduğunu, qeyri-regional ölkələrin müdaxiləsinin qəbuledilməz olduğunu vurğuladı. Ölkə başçısı İranın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərdiyini, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının müsbət olduğunu, son illər ərzində ölkə rəhbərlərinin görüşünün təşkil olunduğunu və bu görüşlərin davam edəcəyini, həyata keçiriləcək layihələrin iki ölkə arasında möhkəm dostluq əlaqələrinin daha da dərinləşəcəyinin göstəricisi olduğunu bildirdi.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları layihələri təkcə Azərbaycan və İran üçün deyil, bütövlükdə region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıyır. Bu layihələr regionun enerji təhlükəsizliyinin təmin edilməsində, su ehtiyatlarının idarə olunmasında və ekoloji
davamlılığın artırılmasında mühüm rol oynayacaq.

İran-Azərbaycan birliyinin və dostluğunun sarsılmaz olduğunu vurğulayan Prezident İlham Əliyevin çıxışı Azərbaycan-İran dostluğunun və əməkdaşlığının gücləndirilərək davam edəcəyinə, regionun inkişafına və sabitliyinə töhfə verəcəyinə inamı artırır.

Günay Məmmədli
YAP Yasmal rayonu, “Moskva pr. 67” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər