Bir çox dövlətlərlə olduğu kimi Azərbaycan-İran münasibətləri yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir. Azərbaycan ilə İran arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu münasibətlərin dərinləşməsində mühüm rola malikdir.
İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir - birlərinə yüksək səviyyədə maraq göstərib. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. Heydər Əliyev hələ fəaliyyətinin Naxçıvan dövründə (1990-1993) İran rəhbərliyi ilə əlaqələr yaradıb. O, Ermənistanın blokadada saxladığı Naxçıvanın ehtiyaclarını təmin etmək məqsədilə İrana səfərə gedərək ölkə rəhbərliyi ilə müvafiq müzakirələr aparıb. Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər. Azərbaycan və İran prezidentləri “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasimində kifayət qədər səmimi fikirlər səsləndirmələri ilə yadda qalmışdılar. Məsələn, ölkəmizin lideri bildirmişdi: “Hörmətli cənab Prezident, mən hesab edirəm ki, bugünkü görüş və mərasim İran - Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək. Xalqlarımızın birgə uğuru, təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar, daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq”. İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir.
Müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır.
Elmin Məmmədov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı