“Azərbaycan işğaldan azad etdiyi bölgələrə Böyük Qayıdış prosesini mərhələli şəkildə davam etdirir. Əlbəttə ki, Böyük Qayıdış prosesinin baş tutması dövlətimizin köç prosesindəki iradəsini göstərmiş olur. Əslində Qarabağ zəfəri ilə Azərbaycan bir çox sahədə ilklərə imza atdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, ölkəmizin imza atdığı ilklərdən biri də köç prosesini ən yüksək səviyyədə həyata keçirməsi oldu: “Dövlətimizin bu sahədəki qüdrəti, eyni zamanda ortaya qoyduğu iradə nəticəsində bu gün əhalinin köçü sürətlə davam edir.Azərbaycan dövləti köç prosesini incəliyi ilə həyata keçirir. Əvvəlcə köç baş verəcək ərazilərdə təhlükəsizlik təmin edilir, ərazilər minalardan təmizlənir. Bundan sonra isə həmin ərazidə infrastruktur layihələri həyata keçirilir, yaşayış binaları tikilir. Köç prosesindən sonra isə qayıdan əhalinin işlə təminatı, sosial vəziyyətinin ən yaxşı səviyyəyə çatdırılması üçün dövlət tərəfindən hər cür dəstək göstərilir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan bir çox sahə üzrə olduğu kimi Böyük Qayıdış prosesində də dünyanın bir sıra ölkələrinə örnək olacaq addımlar atır. Bu isə ölkəmizin bütövlükdə bu sahədə artıq nə qədər böyük təcrübəyə malik olduğunu və bu təcrübəni də başqa ölkələrə ötürə bilmə potensialını nümayiş etdirmiş olur.Hesab edirəm ki, Azərbaycanın köç prosesində öz doğma yurdlarına qayıdan vətəndaşların rahat həyat şəraitini təmin etməsi, eyni zamanda Böyük Qayıdış prosesində iştirak edən soydaşlarımızın da proseslə bağlı yüksək fikirləri deməyə əsas verir ki, Azərbaycanın bu sahədəki təcrübəsindən dünyanın bir çox yerlərində istifadə oluna bilər. Azərbaycan Böyük Qayıdış və köç prosesində də öz modelini yaratmış ölkə olaraq tarixə keçir”.
Müəllif: Səbinə Hüseynli