Prezident İlham Əliyev: "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik"
Azərbaycan dövləti öz tarixində çoxsaylı qəhrəmanlıq salnamələri yazıb. Bu tarixi hadisələr içərisində müsəlman Şərqində ilk demokratik Respublika Xalq Cümhuriyyətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının həyatına əlamətdar tarixi hadisə kimi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranmışdır. İstiqlal Bəyannaməsinin qəbul edilməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
71 il sovet dövründə yaşayan Azərbaycan, müstəqilliyini bərpa etdikdən sonra, hər il ölkəmizdə 28 May Müstəqillik Günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramın nümunəsi kimi tarixiləşdi.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının xidmətləri danılmazdır. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların və peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. AXC 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində, aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu.
AXC BÜTÜN ÖLKƏ VƏTƏNDAŞLARINA EYNİ HÜQUQLAR VERDİ
1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə, 23 ay ərzində, mövcud olan və müsəlman Şərqində ilk dünyəvi-demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Qısa müddətdə, tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Azərbaycan Xalq Cümhuriyyəti, xüsusən, təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Cümhuriyyət dövründə əldə olunan nailiyyətlər sırasında təhsil sahəsində olan uğurları da qeyd etməliyik. Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən - ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəblərindən ibarət strukturu təsdiq edilib. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi olub, bu da, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da, ilk dəfə olaraq, azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirilib.
MİLLİ TƏHSİL OCAĞININ ƏSASI QOYULDU
1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.
AXC dövründə Azərbaycanda ilk muzey "İstiqlal" Muzeyi təşkil olunmuşdur. Eyni zamanda, Bakıda Etnoqrafiya Muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı.
ÖLKƏNİN SƏHİYYƏ SİSTEMİ YARADILDI
Sağlam cəmiyyətlərdə vətəndaşların sağlıq durumunun qorunması həmişə önə çəkilib. Azərbaycan Xalq Cümhüriyyəti dövründə də bütün sahələrdə olduğu kimi, səhiyyə xüsusi diqqət ayırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yarandığı gündən əhalinin sağlamlığı qayğısına qalmış və səhiyyə sahəsində ciddi tədbirlər görmüşdür. Tarixi mənbələrdə qeyd olunduğu kimi, bu sahədə ən böyük uğurlardan biri ölkənin səhiyyə sisteminin yaradılması və təşkili işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının - Səhiyyə Nazirliyinin yaradılması idi. Belə ki, Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar idi. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi. Nazirliyin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımi avadanlıqlar alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi. Qərarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.
Səhiyyə şəbəkəsinin genişləndirilməsinə başlandı. Kənd yerlərində xəstəxanalar, ambulatriyalar, feldşer məntəqələri və s. müalicə müəssisələri açıldı, yeni tibb ocaqlarının bünövrəsi qoyuldu. Dövlət tibb müəssisələrini dava-dərmanla, avadanlıqlarla təmin etmək məqsədilə lazımi tədbirlər görüldü. Bunun üçün dövlət aptek anbarı, laboratoriyası və s. yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökuməti sağlamlığın mühafizəsinə dair vəzifələr və tədbirlər barədə bir sıra qanun və qərarlar qəbul etdi. Cümhuriyyət Hökuməti tibb xidməti heyətini genişləndirmək məqsədilə səhiyyə sistemində qısamüddətli tibb işçiləri kursları açdı. Bütün bunların nəticəsi idi ki, Xalq Cümhuriyyəti dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe olan 33 kənd xəstəxanası fəaliyyət göstərirdi. Onların hər birində 1 həkim, 2 feldşer və xidmətçi tibb bacıları işləyirdi. Bu tibbi personal 6 çarpayılıq kənd xəstəxanalarında xəstələrə xidmət edir, ambulator müalicəyə ehtiyacı olanlara isə pulsuz tibbi yardım göstərirdi. Bu dövrdə qeyri-hökumət tibbi cəmiyyət, birlik və təşkilatlarının da fəaliyyəti geniş vüsət almışdı. Bakı şəhəri həkimlər cəmiyyətinin əsas fəaliyyət istiqaməti sənaye gigiyenası, yatalaq epidemiyasının aradan qaldırılması olmuşdur. Cəmiyyət Bakı Dövlət Universiteti tibb fakültəsinin avadanlıqla təchiz edilməsinə yardım göstərmək üçün Avropanın aparıcı klinikaları ilə əlaqə yaratmışdı. Bakının tanınmış həkimləri təbabətin müxtəlif sahələrində elmi nailiyyətlərin mübadiləsi məqsədilə cəmiyyətdə məruzələr edirdilər. Onun nəzdində boş iş yerlərini qeydə almaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara vaxtaşırı yardım göstərmək məqsədilə Həkimlərə yardım bürosu yaradılmışdı. 1919-cu ildə Bakıda təsis edilmiş qeyri-hökumət tibb cəmiyyətlərindən biri də Uşaq həkimləri dərnəyi idi. Dərnək uşaqlar və yeniyetmələr arasında yayılmış yoluxucu xəstəliklərin profilaktikası və müalicəsi sahəsində təcrübə mübadiləsi aparır, qabaqcıl müalicə üsullarının tətbiqinə səy göstərir, təbliğat və təşviqat işi ilə məşğul olurdu. 1920-ci ilədək Azərbaycanda, artıq 353 həkim, 450 orta tibb işçisi, 1123 yerlik xəstəxana var idi. 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş və bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdı. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biridir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınmasını öz əlində cəmləşdirmişdi. Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdu. Eyni zamanda, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlayaraq xəstələrə pulsuz xidmət göstərirdi.
"MÜSTƏQİLLİK YOLUNDA BİZİM İNKİŞAFIMIZ DAVAMLI OLACAQ, UĞURLU OLACAQ"
Çox keçmədi ki, Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi. 71 il sonra, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycanın müstəqilliyi yenə təhlükə qarşısında idi. Yalnız Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini əbədi etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın Yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı, hüquq-mühafizə və məhkəmə sistemi yenidən quruldu.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələri, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi qürurlandırır. Bu məhz müstəqil bir dövlət olaraq Azərbaycanın müstəqil şəkildə dövlət başçısı tərəfindən həyata keçirdiyi siyasətinin nəticəsidir. "Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin qorunmasının, möhkəmlənməsinin ən vacib məsələlərdən biri olduğunu qeyd edib: "1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!"
Nəzakət ƏLƏDDİNQIZI