Bugünkü güclü və qüdrətli Azərbaycanın qurulması Dahi Öndərimiz Heydər Əliyevin uzaqgörən, müdirik siyasətinin nəticəsidir. Hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra köklü dəyişikliklərə nail olundu, fundamental islahatlar nəticəsində əhalinin sosial vəziyyəti yaxşılaşdı, respublikamız sayılan və seçilən respublikaya çevrildi. Təkcə bir fakt vurğulamaq lazımdır ki, 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini iki dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, əhalinin güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın nüfuzlu hərbi məktəblərində hərb sənətinin sirlərinə yiyələnirdi. Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamız üçün ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar – 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı xatırlamışdı: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən, sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaq. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaq və bu kadrlar Azərbaycanın inkişafına xidmət edəcəklər".
Təəssüflər olsun ki, Ulu Öndər Heydər Əliyevin qurub, yaratdıqlarını Onun Moskvaya ittifaq rəhbərliyinə getməsindən sonra dağıdıldı. 1991-1993-cü illərdə Azərbaycanının vəziyyəti daha da ağırlaşdı. O dövrdə müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanda xaos və anarxiya hökm sürürdü. Zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. Ölkə daxili vəziyyətin idarə olunmaz durumda olmasından istifadə edən erməni hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə, AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq üçün ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
Yeni tarix yazan lider
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də, dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan, haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsi olaraq qeyd olunur. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi: “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun”. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu müqavilədən sonra xeyli sayda neft-qaz sazişlərinin imzalanması, hazırda ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 120 milyard dollardan artıq olması da deyilənlərin təsdiqidir. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı digər sahələr də mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən, həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına qələbələr bəxş etməkdədir. 2003-cü ildən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Dahi Öndərimiz Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev xalqa müraciət ilə əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Zəfər günümüz tariximizdə daim yaşayacaq
2003-cü il prezident seçkilərində xalq Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin davam etdirilməsinə səs verdi. Cənab İlham Əliyev xalqın 76,84 faiz səsini qazanaraq ölkə Prezidenti seçildi. Prezident İlham Əliyev andiçmə mərasimində demişdir: “Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azərbaycan inkişaf edir, uğurlar qazanıb. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azərbaycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”. 2003-cü il prezident seçkiləri ərəfəsində Cənab İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
2020-ci il sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8 noyabr Zəfər günümüz gələcək bütün tariximizdə daim yaşayacaq. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.
Bu gün artıq münaqişə və müharibə yoxdur. Bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa edən güclü və qüdrətli Azərbaycan var. Bütün bu uğurlara və zəfərlərə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə və bu siyasəti möhtəşəm şəkildə davam etdirib, qələbələrə yenisini əlavə edən Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Bu baxımdan əminliklə demək olar ki, nə qədər Azərbaycan dövləti var, Ulu Öndər Heydər Əliyev ideyaları və siyasəti də yaşayacaq.
İLHAM ƏLİYEV