PDF Oxu

Siyasət

  • 2 955

Müstəqilliyimiz əbədidir və sarsılmazdır - ŞƏRH

Müstəqilliyimiz əbədidir və sarsılmazdır - ŞƏRH

Bir dövlət üçün ən böyük əhəmiyyət daşıyan məsələlərdən biri onun müstəqilliyidir. Dövlətimiz də bu uğuru heç də asanlıqla əldə etməmişdir. Bu yolda xalqımız müxtəlif mübarizələrdən keçmiş və qəhrəmanlıq salnəməsi yazmışdır. Azərbaycan hər zaman öz zəngin təbiəti və iqlim qurşağına görə daim diqqət mərkəzində olub. Buna görə də onun müstəqilliyinə maneələr çox olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu hadisə ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Bu dövrdə xalqın milli mənlik şüurunu özünə qaytarıldı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirildi. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O bildirirdi ki, “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə çox ağır vəzifələr götürmüşdü və götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi. Göstərilən bütün cəhdlərə ramən 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın müstəqilliyinə yenidən son qoyuldu. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini, müstəqilliyini qoruyub saxlamağı bacardı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik, müstəqil Azərbaycan dövlətini qurmağı bacarmışıqsa bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri, dəyəri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi ki, “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir. Eyni zamanda cənab prezident İlham Əliyev dövlətimizin müstəqilliyini qorumaq üçün daim mücadilə aparır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Və bu gün dövlətimiz müstəqildirsə, itirilmiş ərazilərimizi də uğurla geri qaytara bilmişdirsə, buna səbəb möhtərəm prezidentimizin apardığı uğurlu siyasət və xalqın onun siyasətini dəstəkləməsi nəticəsində mümkün olmuşdur. Çünki xalqımız prezidentin ətrafında bir yumruq kimi birləşib və onun həyata keçirdiyi siyasətə güvənir. Elə buna görə də müstəqilliyimiz əbədi və sarsılmazdır.

Lalə Səlimzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Digər xəbərlər