“Azərbaycan çox mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu tədbir özü-özlüyündə olduqca aktualdır, qlobal problemlərin həllinə həsr olunub. COP29 qlobal iqlim dəyişikliyi ilə bağlı əslində bəşəriyyətin gələcəyini təmin edəcək qədər vacib və aktual tədbirdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, artıq Azərbaycan bu tədbirə ev sahibliyi etmək üçün təşkilatı işləri həyata keçirməyə başlayıb: “Çoxsaylı dövlət və hökumət başçılarının iştirakı gözlənilir. Azərbaycan Prezidenti “Euronews”a müsahibəsində də məhz bu məsələlərə toxunaraq, Azərbaycanın bu vaxta qədər beynəlxalq təşkilatlarla işləmək təcrübəsinin olduğunu dilə gətirdi. Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə Azərbaycanın qazandığı mühüm uğurlar da vurğulandı.
Əslində belə tədbirlərin keçirilməsi ilə bağlı Azərbaycanın kifayət qədər təcrübəsinin olduğunu bildirən dövlət başçısı, başqa məsələlərə də toxundu.Azərbaycan qazıntı yanacağına sahib olan ölkələrdən biridir, amma ölkəmizin təcrübəsində, həm də COP-un vəzifə və məqsədləri ilə uzlaşdırılan prosesə çevrilib. Ölkə rəhbəri qazıntı enerjisinə malik olan ölkələrin buna görə ittiham edilməməsinin, əksinə bu sahədən gələn gəlirlərin qlobal iqlim dəyişiklikləri kontekstində səfərbər edilərək problemlərin həll edilməsinə yönləndirilməsini qeyd etdi. Bu gün Azərbaycan belə bir tədbir keçirməklə bütün dünyanın diqqət mərkəzinə çevriləcək və bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin, rolunun və nüfuzunun göstəricisinə çevriləcək”.
Müəllif: Səbinə Hüseynli