PDF Oxu

Siyasət

  • 2 555

Şərq dünyasının ilk Xalq Cümhuriyyəti - ŞƏRH

image

Azərbaycan xalqının müstəqillik və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi uğrunda aparılan mübarizə tarixinin zəngin dövrləri və mənalı səhifələri çoxdur. Xalqımızın və tariximizin belə şərəfli dövrlərindən biri də 1918-1920-ci illəri əhatə edən və cəmi 23 ay yaşayan, Şərq dünyasında ilk Demokratik Respublika olan və Avropa ölkələrinin demokratik prinsiplərini özündə əks etdirən Azərbaycan Xalq Cümhuriyyətinin tarixidir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk milli ,demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. «İstiqlal bəyannaməsi» ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini bərpa etdi, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli, dini, sinfi və digər sosial bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinin həyata keçirilməsinə əsaslı şərait yaratdı.

Cümhuriyyətin yaranma tarixinə yüksək qiymət verən xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsası qoyuldu. Xalqımızın böyük insanları “İstiqlal Bəyannaməsi”ni elan edərək müstəqilliyimizin əsasını qoydular”, “Bu gün tam qətiyyətlə demək olar ki, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması olduqca mürəkkəb tarixi şəraitdə, gərgin daxili və beynəlxalq vəziyyətdə baş vermişdir. XIX əsrin sonları- XX əsrin əvvəllərində Azərbaycan xalqının intellektual ziyalı və maarifçi potensialı yaranıb formalaşmışdır. Cümhuriyyəti yaratmaq üçün xalqımızın ziyalılar dəstəsi yetişmişdi ki, onlar böyük tarixi missiyanı öhdələrinə götürərək xalqımızın həyatında tarixi hadisə olan 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın qarşısında ən böyük xidməti ondadır ki, o özünün qısa müddətli - 23 aylıq fəaliyyəti dövründə Azərbaycanın istiqlaliyyətini elan etdi, xalqın milli mənlik şüurunu inkişaf etdirdi, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etdi.

Xüsusilə XX əsrin əvvəllərində türkləşmək, çağdaşlaşmaq və islamlaşmaq ideyalarının genişlənməsi və milli-azadlıq hərəkatının güclən­məsi Azərbaycan xalqının milli oyanış və milli özünüdərk şüurunu xeyli artırır, müstəqil dövlət yaratmaq ideyasını qüvvətləndirirdi. Bu istiqamətdə Azərbaycanın görkəmli ictimai-siyasi fikir nümayəndələrinin böyük rolu və xidmətləri olmuşdur. Xalq Cümhuriyyətinin yaradıcıları – M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşov, H.B.Usubbəyov, H.B.Ağayev, ilk Milli Şuranın bütün üzvləri, Cümhuriyyət hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər.

2018-ci il May ayının 28-də Azərbaycanın istiqlaliyyətini elan edən Azərbaycan Milli Şurası 6 bənddən ibarət “İstiqlal Bəyannaməsi”ni - “Əqdnaməni” imzaladı. Bəyannamədə deyilirdi ki, Azərbaycan demokratik respublika formasında müstəqil və suveren dövlətdir, ali hakimiyyət bütün xalqa məxsusdur, beynəlxalq birliyin bütün üzvlərilə dostluq əlaqələri yaradır və öz ərazisində yaşayan bütün xalqların bərabər inkişa­fına şərait yaradır. AXC milliyyətindən, dini etiqadından, sosial vəziyyətindən, dinindən və cinsindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyinə təminat verir.

Azərbaycan Xalq Cümhuriyyəti milli-müstəqil dövlətçilik ideologiyasının formalaşmasında, istiqlal məfkurəsinin geniş kütlələrə aşılanmasında çox mühüm rol oynadı. AXC-nin yaradılması Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında böyük əhəmiyyəti olan mütərəqqi hadisə, tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi, milli qurtuluş uğrunda uzun və məşəqqətli mübarizənin çox mühüm mərhələlərinin məntiqi yekunu idi.

Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb ictimai-siyasi şəraitdə demokratik dövlət quruculuğu, dövlətçilik atributları və milli dövlətçilik ənənələrinin bərpası işində fundamental tədbirlər həyata keçirmiş və bu istiqamətdə böyük rol oynamışdır

Azərbaycan Xalq Cümhuriyyəti xalqımız üçün zəruri olan bir çox sosial-iqtisadi və siyasi islahatlar həyata keçirdi. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının başlanğıcı qoyuldu. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan edildi və qardaş Türkiyədən dərsliklər, dərs vəsaitləri gətirildi və müəllimlər dəvət edildi. Məktəblər milliləşdirildi və yeni məktəblər, yeni müəllimlər hazırlayan kurslar açıldı. Gəncənin və Cəbrayılın tarixi adları özünə qaytarıldı. İyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar verildi, Azərbaycan Milli Təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Avqustun 1-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman verildi. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkiz guşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. Dekabrın 7-də Hacı Z. Tağıyevin qızlar məktəbinin binasında parlamentin açılışı oldu. Bu, müsəlman Şərqində ən demokratik prinsipləri özündə birləşdirən və yüksək səviyyədə formalaşan ali qanunverici parlament idi. Çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayan Azərbaycan parlamenti qısa müddətdə bir çox qanun və qərarlar qəbul etdi. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunun xalqımızın milli-mənəvi və mədəni tarixində çox böyük əhəmiyyəti oldu.

Azərbaycan xalqının əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə duyğularına yüksək qiymət verən ulu öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu, bizim tarixi nailiyyətimizdir. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Dövlət başçımızın dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”

Günay Məmmədli

YAP Yasamal rayonu “Moskva pr. 67” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər