Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk demokratik respublikadır. AXC-nin bütün vətəndaşlarına dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bərabər hüquq tanıyıb. Ölkənin əsas atributları- himnimiz, bayrağımız qəbul edilib, rəsmi dili Azərbaycan dili olub. Ölkənin mədəniyyəti inkişaf edib. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Təəssüflər olsun ki, AXC cəmi iki il ayaqda qalmışdır. Sonra 71 il Sovet hakimiyyəti tərəfindən idarə olunmuş Azərbaycan 1991-ci ildə, nəhayət, öz müstəqilliyinə qovuşmuşdur. İlk illər çox ağır və çətin keçmişdir. Ölkəni parçalamağa çalışan, mitinq edən, hakimiyyət uğrunda vuruşanlar olmuşdur. Ölkənin iqtisadi-siyasi vəziyyəti tamamilə qeyri-stabil olmuşdur. 1993-cü ilin iyun ayından etibarən ölkədə xalqın tələbi ilə hakimiyyətə Ümummilli Lider Heydər Əliyev gəlib. Onun hakimiyyətə gəlməsi ilə ölkənin iqtisadi-siyasi durumu stabilləşməyə doğru gedir. Xalqımızın şərəfli tarixi olan bu dövrü (1918-1920) hazırda öyrənilir. Ulu Öndər Heydər Əliyev cümhuriyyət tarixinin öyrənilməsi və bu dövlətin qurucularının xatirəsini əbədiləşdirmək üçün mühüm sərəncamlar verib. Azərbaycan Respublikası özünün 2-ci dəfə müstəqilliyini elan etdikdən sonra bu müstəqilliyin qorunub saxlanmasında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin çox böyük əməyi olub. Müstəqilliyimizin ilk illərində ölkəmiz ağır problemlərlə üz-üzə qalsa da 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf, tərəqqi yoluna çıxdı. Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Bununla Cümhuriyyət qurucularının arzuları reallaşmış oldu. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” söyləyən Ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana daha böyük uğurlar qazandırır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi: “Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan, Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə və tarixinə sadiqdir. Azərbaycan hazırda istər regional, istərsə də qlobal layihələrdə fəal iştirak edir, əhəmiyyətli rol oynayır.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri