Siyasət

  • 1 416

Bakı müasirləşən və inkişaf edən paytaxta çevrilir TƏHLİL

image

Bu gün hər sahədə qazandığımız uğurların təməlində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi dayanır. Ötən 20 il ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bu inkişaf göstəriciləri insanlarda qəti bir əminlik formalaşdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və zəfərlərə imza atacaq.

Ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramları hazırlanıb, işlək mexanizmlər əsasında həyata keçirilib. Ən müxtəlif sahələrdə intibah prosesi geniş vüsət alıb. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların balanslı və davamlı inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib. Bu gün Azərbaycan nümunəvi inkişaf modelinə malik olan ölkəyə çevrilib.

"BAKI DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRİ KİMİ İNKİŞAF EDİR"

Belə bir inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir". Bakı şəhəri abadlaşır, qurulur, burada infrastruktur layihələri icra edilir. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bakının bütün rayonlarında, o cümlədən, qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilib, yeni məktəblər, xəstəxanalar, poliklinikalar tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib. Prezident İlham Əliyev, mütəmadi olaraq, Bakının rayonlarında və qəsəbələrində olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Qəsəbələrin simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar rayon sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib. Yolların kənarında yaşıllıq zolaqları genişləndirilir. Keçmiş Balaxanı zibilxanasının buraxırdığı tüstü nəticəsində havanın keyfiyyəti böyük dərəcədə aşağı düşmüşdü və insan sağlamlığına böyük zərər verirdi: "İndi keçmiş Balaxanı zibilxanasının yerində müasir poliqon qurulub və zibilin çeşidlənməsi, bərk məişət tullantılarının yandırılması istiqamətində böyük addımlar atılıb, böyük investisiyalar qoyulub, zibilyandırma zavodu inşa edilibdir. Biz bu ekoloji fəlakət mənbəyini aradan götürdük", - deyə Azərbaycan Prezidenti bildirmişdir.
Bu gün paytaxtımızda Prezidentin tapşırığınıza uyğun olaraq, nümunəvi məhəllələr yaradılıbdır. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib.

MİLLİ ELEMENTLƏRDƏN İBARƏT İNCƏSƏNƏT NÜMUNƏSİ

Görülən işlərin davamı olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticarət mərkəzinin açılışını ediblər. Qeyd edək ki, "Crescent Mall" ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb. Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. "Crescent Mall"da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur. Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək.
Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn "Həyat Ağacı" isə sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir.

MÜASİR VƏ DÜNYƏVİ TRENDLƏR TARİXİ VƏ MƏDƏNİ DƏYƏRLƏRİMİZLƏ

Bundan başqa "Crescent Mall"da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq. Ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, İngilis və Rus dillərində isə şifahi məlumatlar verə bilir.
Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot "Leyli" adlandırılıb. Süni intellekt məlumat bələdçisi Leyli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir.
"Crescent Mall" ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər